logo

Şəmkirçay sutəmizləyici qurğusu


                                     

Şəmkirçay su anbarının ehtiyatlarının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilmiş və ümumi tutumu 164 milyon kubmetr olan anbar əkin sahələrinin suvarılması ilə yanaşı, respublikanın qərb bölgəsində yaşayan əhalinin içməli su təminatına da töhfələr verməkdədir. Burada toplanan suyun içməli su standartlarına uyğun olması, eyni zamanda təbii durulmadan keçməsi nəzərə alınaraq anbardan həm də içməli su mənbəyi kimi istifadə edilməsinə qərar verilib. Anbarın relyef baxımından Gəncə, Şəmkir, Samux şəhərlərindən yüksəklikdə yerləşməsi yaşayış məntəqələrinin özüaxımlı rejimdə dayanıqlı su təchizatına imkan yaradır.

Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC-nin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksinin inşasına qərar verilib. Şəmkirçay sutəmizləyici qurğular kompleksi məhsuldarlığına görə Azərbaycanın regionlarında tikilmiş ən böyük içməli sutəmizləyici qurğudur.

Kompleksin tikintisinə 2016-cı ildə başlanılıb. Bu məqsədlə Şəmkir rayonunun Aşağı Seyfəli kəndinin cənub hissəsində, Şəmkirçay su anbarının yaxınlığında 3,3 hektar ərazi ayrılıb. Ərazidə qazıntı və kipləşdirmə işləri aparıldıqdan sonra  bina və qurğuların  tikintisinə başlanılıb. Kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı,  2 idarəetmə və 6 siyirtmə  kamerası, inzibati və yardımçı binalar inşa edilib. Tikinti-quraşdırma işləri 2019-cu ilin sonunda başa çatdırılıb.

Layihəyə əsasən qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılır. Kanaldan lazımi həcmdə suyun götürülməsi üçün sugötürücü qurğu  inşa edilib. Burada suda olan iri hissəciklərin tutulması üçün barmaqlıqlar, suyun idarə olunması üçün siyirtmə, eləcə də təmizləyici qurğuya ötürülən suyun həcmini ölçmək məqsədilə sərfölçən quraşdırılıb. Suyun götürüldüyü nöqtədən təmizləyici qurğuyadək 1400 mm diametrli polad borularla daşıyıcı xam su xətti tikilib. Daşıyıcı xətlə qurğuya ötürülən su ilk olaraq zərərsizləşdirilir və süzgəclər binasının paylama kamerasına daxil olur.

                          

Burada suyun təmizlənməsi və süzülməsi məqsədilə 14 bölmədən ibarət 7 süzgəc bloku inşa edilib. Hər bir süzgəc blokunda suyun standartlara uyğun təmizlənməsi məqsədilə 120 sm qalınlığında 0,8-20 mm fraksiyalı kvars qumundan ibarət süzgəc qatı yaradılıb. Süzgəc qatının yaradılması üçün 1100 kubmetr kvars qumundan istifadə olunub. Qum süzgəclərindən keçən su təmizlənərək toplayıcı kollektora, daha sonra hər birinin tutumu 2500 kubmetr olan 3 su anbarına ötürülür.

Qeyd edək ki, əhaliyə verilən suyun təhlükəsizliyinin təmin olunması məqsədilə həm emal prosesindən əvvəl, həm də sonra zərərsizləşdirmə aparılır. Bu məqsədlə kompleksdə zərərəsizləşdirmə məntəqəsi inşa edilib, burada ümumi məhsuldarlığı saatda 28 kq olan 4  ədəd dozalama avadanlığı, 3 ədəd nasos və analizator quraşdırılıb. Burada suyun  bulanıqlığı, qalıq xlorun miqdarı, hidrogen göstəricisi, temperatur və elektrik keçiriciliyi müəyyən olunur.

Qurğuda bütün texnoloji proseslər - suyun həcmi, təzyiqi, emalı, hər bir mərhələdə keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması tam avtomatlaşdırılıb və bütövlükdə proses SCADA idarəetmə mərkəzindən idarə olunur.

Qurğuda emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər reqlamentə uyğun olara yuyulur. Bu məqsədlə qurğuda 3 ədədi işlək və biri ehtiyat olmaqla hər birinin məhsuldarlığı saatda 1500 kubmetr olan su nasosları və ümumi gücü saatda 6600 kubmetr olan 2 ədəd kompressor quraşdırılıb. Geri yuma zamanı hava qarışığından ibarət yüksək təzyiqli su süzgəcləri asılı maddələrdən və lildən təmizləyir. Geri yuma prosesi növbəli rejimdə aparılır. Qurğunun bir hissəsində geriyuma aparılarkən, digər hissələrdə suyun emalı davam edir. Bu da öz növbəsində emal prosesinin fasiləsizliyini təmin edir.

Yeni qurğuda texnoloji proseslərin normal şəraitdə həyata keçirilməsi üçün isitmə və soyutma sistemləri quraşdırılıb. Qurğunu dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə enerji bloku inşa olunub, gücü 1000 kilovatt amper olan transformator quraşdırılıb. Gələcəkdə elektrik verilişindəki açılmalar zamanı emal prosesinin fasiləsizliyini təmin etmək üçün qurğu 1250 kilovatt amper gücündə ehtiyat generatorla da təmin edilib. Eyni zamanda qurğunu idarə edəcək personal üçün inzibati bina tikilib, binada SCADA mərkəzi, işçi, iclas otaqları və digər zəruri şərait yaradılıb.

Ümumilikdə, Şəmkirçay sutəmizləyici qurğular kompleksinin yaradılması layihəsi çərçivəsində 13 km uzunluğunda müxtəlif diametrli boru, qurğunun elektrik enerjisinin təmin edilməsi məqsədi ilə 28 km elektrik xətləri, 7,5 km uzunluğunda fiberoptik kabel xətləri çəkilib, 56 siyirtmə, 9 sayğac, 9 nasos, 2 kompressor  quraşdırılıb. Tikintidə 1220 ton armatur, 28 ton metal konstruksiya, 10 min kubmetr betondan istifadə olunub. Kompleksin ərazisində  30 min kubmetr həcmində torpaq, 11100 kvadratmetr ərazidə asfalt, 11600 kvadratmetr ərazidə yaşıllaşdırma işləri görülüb, 1700 ədəd ağac və gül kolları əkilib. Kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına bu sahədə ixtisaslaşmış mütəxəssislər cəlb olunub. 

Şəmkirçay sutəmizləyici qurğusundan emal olunan suyun Gəncə şəhərinə nəqli üçün 27,5 km uzunluğunda magistral su kəməri çəkilib və  şəhərdəki anbar kompleksinə qoşulub. Samux şəhərini içməli su ilə təmin etmək üçün Gəncə su anbarından şəhərə 10 km magistral su kəməri tikilib. Bu kəmərlərdən Samux rayonunun ətraf kəndlərinin, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib. Sutəmizləyici qurğudan Gəncə, Şəmkir və Samux şəhərlərinə suyun verilməsi təmin olunub. 

Şəmkirçay sutəmizləyici qurğusunda emal olunacaq sutkada 140 min kubmetr suyun 100 min kubmetri Gəncə, 16 min kubmetri Şəmkir, 8 min kubmetri Samux şəhərinin,  qalan hissəsi isə magistral kəmərlərin marşrutu boyu yerləşən kəndlərin tələbatının ödənilməsinə yönəldiləcək. Ümumilikdə, Şəmkirçay sutəmizləyici qurğular kompleksinin imkanlarından istifadə olunmaqla perspektivdə 450 mindən artıq insan keyfiyyətli və fasiləsiz içməli su təmin ediləcək.

03 mart 2020-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimi keçirilib