logo

Kür Sutəmizləyici Qurğuları


           

     Ötən əsrin 60-cı illərində Bakı şəhərində yeni yaşayış massivlərinin və mikrorayonların salınması, ətraf qəsəbə və kəndlərin böyüməsi nəticəsində Abşeron yarımadasında içməli suya tələbat kəskin artmışdır. Xaçmazdan çəkilmiş iki su kəməri ilə gətirilən və Ceyranbatan sutəmizləyici qurğular kompleksində emal olunan su tələbatı ödəmirdi. İstehlakçıların su təchizatında dayanıqlığı təmin etmək üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında Kür çayının sahilində sutəmizləyici qurğular kompleksinin inşası və oradan Bakıya kəmərlərin çəkilməsinə başlanır.

   1968-ci ildə layihənin icrasına start verilsə də tikinti işləri ləng aparılırdı. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra xalq tikintisinə çevrilən layihə qısa müddətdə tamamlanır.  Kür su kəmərləri sisiteminin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə istismara verilir. Təmizlənən suyu Bakı sakinlərinə çatdırmaq üçün Hacıqabul rayonunun Kiçik Talış kəndi yaxınlığında yerləşən kompleksdən 2 ədəd magistral kəmər çəkilir.  Birinci mərhələdə kəmərlərlə paytaxta saniyədə 3,2 kubmetr  içməli su ötürülsə də artan tələbatı ödəmirdi.

     Abşeronun içməli su təchizatını yaxşılaşdırmaq üçün 1980-ci illərdə Kür su kəmərləri sisiteminin ikinci növbəsi tikilir. 3 mərhələdə (1984, 1986 və 1988-ci illərdə) Bakıya daha 3 magistral su kəməri çəkilir. Kür su kəmərlərin birinci növbəsinin məhsuldarlığı saniyədə 3,3 kubmetr (sutkada 285 000 kubmetr), ikinci növbənin məhsularlığı saniyədə 6,2 kubmetr (536 000 kubmetr) olmaqla qurğuların ümumi məhsuldarlığı saniyədə 9,5 və ya sutkada 820 000 kubmetrdir. Kür su kəmərləri sisiteminin ikinci növbəsinin istismara verilməsi ilə yeni salınmış Günəşli və Əhmədli yaşayış massivlərində müşahidə olunan su qıtlığı aradan qaldırılıb.

   Sutəmizləyici qurğuların iş prinsipinə gəlincə, Kür çayından götürülən su əvvəlcə radial və üfüqi durulducularda reagentlərlə lildən təmizlənir (Birinci Kür sutəmizləyici qurğularında 6, İkinci Kür sutəmizləyici qurğularda isə 8 ədəd radial durulducular var). Növbəti mərhələdə süzgəclərdən keçən su zərərsizləşdirilir və qaldırıcı nasoslar vasitəsilə Bakı istiqamətinə nəql edilir. Uzaq məsafədən (142,5 km) suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Sanqaçal qəsəbəsi yaxınlığında bir daha qaldırıcı nasoslardan istifadə olunur.

  1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılmışdır. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulmuş, nəticədə kompleksdə emal olunan suyun keyfyiyyəti standartlara uyğunlaşdırılmışdır.

 

Şirvan-Muğan qrup su kəməri

 Şirvan-Muğan qrup su kəmərinin təməli 16 iyul 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.  Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir. Layihəyə əsasən, ümumi uzunluğu 107 km olan Şirvan-Muğan su kəmərinin  Hacıqabuldan Salyan rayonuna qədər olan 52 km-lik hissəsi 1220 mm və  1020 mm diametrli polad, Salyandan Biləsuvar rayonuna qədər olan 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilmişdir.  Kəmərin keçdiyi ərazilərdə əhalinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə ümumi tutumu 50 min kubmetr olan “+80 Hacıqabul”, “+55 Şirvan”, “+25 Salyan” və   “-8 Biləsuvar” su anbarlar kompleksi inşa olunmuşdur.

Magistral kəmərin  tam istismara verilməsi ilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakini  keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunacaqdır.

Prezident İlham Əliyev iştirakı ilə magistral kəmərdən  2013-cü ilin  aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də Biləsuvar, 2016-cı ilin sentyabrın 3-də isə Salyan şəhərlərinə içməli suyun verilməsinin açılış mərasimləri keçirilmişdir.

 

 Kür sutəmizləyici qurğuları – Sabirabad - Saatlı magistral su kəməri

Sabirabad, Saatlı və Hacıqabul rayonlarının 160 minə yaxın sakinini keyfiyyətli içməli su ilə təmin etmək üçün Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 km uzunluğunda magistral su kəməri  tikilmişdir.  İnşası 2014-cü il ərzində başa çatdırılmış Kür sutəmizləyici qurğuları – Sabirabad - Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun 4 kəndinin 10 min əhalisinin içməli suya olan tələbatını ödəyəcəkdir.

    Magistral su kəmərinin 12 km-lik hissəsi diametri 820 mm polad, qalan hissəsi isə diametri 810-500 mm polietilen borulardan tikilmişdir. Kəmər 1 yerdə Kür çayı, 1 yerdə dəmir yolu, 6 yerdə magistral avtomobil yolu, 3 yerdə beton kanal və 15 yerdə drenaj kollektoru ilə kəsişir. Kəmərin üzərində 26 siyirtmə, 48 hava buraxıcı (vantus), 57 təxliyyə çıxışı quraşdırılmışdır. Sabirabad və Saatlı şəhərlərinin dayanıqlı su təchizatına nail olmaq üçün magistral kəmərin üzərində ümumi tutumu 20 min kubmetr olan 4 anbar inşa edilib.

15 dekabr 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Kür sutəmizləyici qurğuları – Sabirabad - Saatlı magistral su kəmərindən Sabirabad şəhərinə, 28 mart 2017-ci ildə Saatlı şəhərinə içməli suyun verilməsi mərasimləri keçirilib.