logo

Ceyranbatan Sutəmizləyici Qurğuları


 

              

  Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksi Abşeron yarımadasının içməli su təchizatında böyük paya malikdir. Anbar ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb. Layihə Samur çayının suyunun Ceyranbatan anbarına gətirilməsini və burada təmizlənərək istehlakçılara çatdırılmasını nəzərdə tutur. Layihənin işlənməsindən təxminən yarım əsr sonra orada nəzərdə tutulan işlərin icrasına başlanır. İlkin olaraq Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılmasına qərar verilir. Paralel olaraq Dəvəyatağı və Ceyranbatan göllərinin yerində ümumi tutumu 186 milyon kubmetr olan anbar yaradılır və 1957-ci ildə  hövzənin su ilə doldurulmasına başlanır. Anbarın əsas üstünlüklərindən biri odur ki, burada toplanan su 80 % təbii durulmadan keçdikdən sonra emal prosesinə ötürülür. 

        Ceyranbatan sutəmizləyici qurğular kompleksi və magistral su kəmərləri Azərbaycan SSR Nazirlər Sovetinin 21 noyabr 1957-ci il tarixli 655 nömrəli və 02 iyun 1960-cı il tarixli 420 nömrəli qərarları əsasında 3 mərhələdə inşa edilib. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin birinci mərhələsi 8 sentyabr 1961-ci idə istismara verilib. Kompleksin ikinci mərhələsi 1966-cı ildə, üçüncü mərhələsi isə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, 1978-ci ildə işə salınıb. Birinci və ikinci mərhələdə tikilən qurğuların hər birinin məhsuldarlığı saniyədə 2,64 kubmetr, üçüncü qurğunun məhsuldarlığı isə 2,1 kubmetrdir.

   Ceyranbatan sutəmizləyici qurğular kompleksində su iki pilləli texnoloji təmizləmə prosesindən keçir. Birinci və ikinci mərhələdə inşa olunan qurğularda su şəffaflandırıcı və sürətli süzgəclər, üçüncü mərhələdə tikilən qurğularda isə üfüqi durulducu və sürətli süzgəclər vasitəsi ilə təmizlənir.

   Bu gün Sumqayıt şəhəri, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal olunur. İçməli suyu istehlakçılara çatdırmaq üçün Sutəmizləyici Qurğular Kompleksindən 6 ədəd iri diametrli su xətti çəkilmişdir. Bunların 2-si Maştağa anbarına, 3-ü Binəqədi mərkəzi nasos stansiyasına, 1-i isə Sumqayıt şəhərinə içməli su nəql edir. Eyni zamanda Ceyranbatandan Abşerondakı sənaye müəssisələrinə texniki su verilir. Bu məqsədlə Ceyranbatan sutəmizləyici qurğularından məhsuldarlığı saniyədə 2,8 kubmetr olan 2 texniki su kəməri çəkilib.

   Ceyranbatan sutəmizləyici qurğular kompleksində indiyə qədər yalnız bir dəfə əsaslı təmir aparılıb. 1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə kompleksin reagent təsərrüfatı, şəffaflaşdırıcılar, 1-ci növbə süzgəclər sexi tam bərpa olunub. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 2-ci və 3-cü növbə süzgəclər sexi qismən yenidən qurulub, hər 3 növbə üçün yeni xlorator təsərrüfatı yaradılıb. Həyata keçirilən yenidənqurma işləri nəticəsində emal olunan suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırılıb.