logo

Peşə bayramı münasibətilə əmək fəaliyyətində fərqlənən əməkdaşlar təltif olunub


Yaradılıb: 05-06-2023 17:37

     

5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətində əmək fəaliyyətində fərqlənən əməkdaşların təltif olunması mərasimi keçirilib. 

“Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov bildirib ki, istehlakçıların keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi, onların kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir və bu sahədə su təsərrüfatı işçilərinin böyük əməyi vardır. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident  İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib.

Ölkəmizdə infrastruktur layihələrinin, o cümlədən istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin böyük bir hissəsi Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ideyalarına əsaslanaraq möhtərəm Prezident İlham Əliyev tərəfindən su sektorunda mühüm layihələr reallaşdırılıb. Ölkə əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə ümumi məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 yeni su mənbəyi yaradılıb. Ötən müddətdə Azərbaycanın 54 şəhər və rayon mərkəzində icra olunan layihələr çərçivəsində 33 şəhərdə həm içməli, həm də tullantı su şəbəkələrinin, 13-də içməli su şəbəkələrinin, 20-dən çox şəhərdə tullantı sutəmizləyici qurğuların tikintisi başa çatdırılıb. Eyni zamanda 1100-dən çox kənd və qəsəbənin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun Qarabağı işğaldan azad etməsindən sonra bu ərazilərdə infrastrukturun bərpası işlərinə başlanılıb. 

   

Qlobal iqlim dəyişiklikləri və quraqlıqla əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planında su itkilərinin və israfçılığın qarşısının alınması ciddi tapşırıq kimi qarşıya qoyulmuş və ötən müddətdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su ehtiyatlarının idarə olunması, sudan səmərəli istifadənin təmin edilməsi, eyni zamanda su itkilərinin, israfçılığın aradan qaldırılması istiqamətində ciddi tədbirlərin icrasına başlanılıb. 

 “Azərsu” ASC-nin fəxri fərmana layiq görülmüş əməkdaşları  su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi  siyasətə su təsərrüfatı işçiləri bundan sonra da öz töhfələrini verəcəklər.

Sonra əmək fəaliyyətində fərqlənən əməkdaşlara fəxri fərman və təşəkkürnamələr təqdim olunub. “Azərsu” ASC-nin 102 əməkdaşı fəxri fərmana, 101 əməkdaşı isə təşəkkürnaməyə layiq görülüb.