logo

“Suyun dəyəri şagirdlərin gözü ilə” layihəsi yekunlaşıb


Yaradılıb: 03-06-2022 14:53

     

“5 iyun-Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində “Suyun dəyəri şagirdlərin gözü ilə” layihəsi yekunlaşıb. “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Hədəf STEAM Liseyi ilə birgə keçirdiyi layihədə təhsil ocağının V-VII sinif şagirdləri iştirak edib. Layihə çərçivəsində şagirdlərlə görüşlər keçirilib, suyun əhəmiyyəti və sudan səmərəli istifadə ilə bağlı maarifləndirmə işləri aparılıb.

   

Layihənin yekunlarına həsr olunmuş tədbirdə Hədəf STEAM Liseyinin Qurtuluş filialının direktoru Cahid Hüseynov və Nəsimi filialının direktor müavini Ravil Böyükzadə çıxış edərək suyun insan həyatında oynadığı əvəzolunmaz rolundan danışıblar. Qeyd olunub ki, hazırda müşahidə olunan qlobal iqlim dəyişikliyi ilə əlaqədar dünyada şirin su ehtiyatlarının azalması müşahidə olunur. Digər tərəfdən, dünya iqtisadiyyatının sürətli inkişafı, demoqrafik vəziyyət və s. amillər suya tələbatı getdikcə artırır. Bu da öz növbəsində sudan qənaətlə istifadə zərurətini yaradır. Bu baxımdan belə tədbirlərin maarifləndirici əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

   

 “Sukanal” ETLİ-nin direktor müavinləri Elnur Nəsirov və Rəşail İsmayılov bəşəriyyəti narahat edən su qıtlığı, suyun israf olunmasının yolverilməzliyi barədə məlumat verib. Qeyd olunub ki, təhsil müəssisələrində belə tədbirlərin keçirilməsi gənc nəslin su kimi əvəzolunmaz nemətin əhəmiyyəti barədə məlumatlarının zənginləşməsinə, onlara sudan qənaətlə istifadə vərdişlərinin aşılanması baxımından çox vacibdir.

Layihə çərçivəsində keçirilən “Suyun dəyəri şagirdlərin gözü ilə” rəsm müsabiqəsinə də yekun vurulub. Müsabiqənin qalibləri elan olunaraq onlara diplom və hədiyyələr, tədbirin təşkilat komandasının fəal üzvlərinə isə sertifikatlar təqdim olunub.

Tədbirlər lisey şagirdlərinin iştirakı ilə bədii hissə ilə başa çatıb.