logo

“Azərsu” ASC-nin 3 müəssisəsi müsabiqənin qalibi olub


Yaradılıb: 28-04-2022 15:51

     

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması  mərasimi keçirilib.

Tədbirdə qeyd olunub ki, 2021-ci ildə keçirilən respublika müsabiqəsinin yekunlarına görə AHİK-in müsabiqə komissiyası 167 müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb. 22 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.

Müsabiqədə “Azərsu” ASC-nin 3 müəssisəsi – Sumqayıt Sukanal İdarəsi, Səbail Sukanal İdarəsi və 8 nömrəli Regional Sukanal İdarəsi qalib təşkilatlar sırasında yer alıb. Həmin müəssisələrdə işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş  şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi sahəsində işlər yüksək qiymətləndirilib.

Tədbirdə qeyd olunub ki, Beynəlxalq Əmək Təşkilatı 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Gününü – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi ilə qeyd etməyi tövsiyə edib. 2022-ci ilin əsas mövzusu sosial dialoqun əhəmiyyəti və iş yerində müsbət təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına bütün maraqlı tərəflərin cəlb edilməsidir.

Tədbirin sonunda müsabiqənin qalibi olmuş 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.