logo

Media nümayəndələri üçün “İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələr” mövzusunda təlim keçirilib


Yaradılıb: 27-04-2022 18:40

       

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2021-2023-cü illər üzrə “Kommunikasiya Strategiyası”nın Fəaliyyət Planına əsasən media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün “İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələr” mövzusunda təlim keçirilib. Təlim və İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri iştirak edib.

Təlimdən əvvəl iştirakçılar Təlim və İnnovasiyalar  Mərkəzi və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar.

     

 “Azərsu” ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev Səhmdar Cəmiyyətin rəhbərliyi adından media nümayəndələrini salamlayaraq bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində görülmüş işlər barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdir.

        

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb. Bildirib ki, təlimlər media nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılmasına və gələcək fəaliyyətlərində ictimaiyyətə dolğun informasiyanın çatdırılmasına kömək göstərəcək.

         

   “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Səhmdar Cəmiyyətin fəaliyyəti, içməli və tullantı su sektorunda görülmüş işlər, icra olunan layihələrlə bağlı təqdimat keçirib.

         

“Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli “Azərbaycanda həyata keçirilmiş içməli su layihələri və onların əhəmiyyəti”, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri”, Xəzər Universitetinin mərkəz rəhbəri Rövşən Abbasov “İqlim dəyişikliklərinin Azərbaycanın su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə”, “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov “İqlim dəyişikliklərinin içməli su mənbələrinin məhsuldarlığına təsiri”, “Azərsu” ASC-nin Texnoloji proseslərə  nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev “Suyun keyfiyyəti insan sağlamlığı üçün əsas amillərdən biridir”, Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı “Müştəri xidmətləri, israfçılığın və qanunsuz qoşulmaların qarşısının alınması ilə bağlı görülən tədbirlər” mövzularında təqdimatla çıxış ediblər.

Tədbir zamanı həmin mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.