logo

Dünya Su Resursları Günü ilə əlaqədar “Qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə” mövzusunda  videokonfrans keçirilib


Yaradılıb: 22-03-2022 13:50

   

22 Mart - Dünya Su Resursları Günü ilə əlaqədar “Azərsu” ASC və “Azərsu” ASC yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə” mövzusunda  videokonfrans formatında müzakirələr keçirilib.

 Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC yanında İctimai Şuranın sədri Rauf Zeyni bidirib ki, son illər müşahidə olunan iqlim dəyişiklikləri şirin su ehtiyatlarının azalmasına səbəb olub. Əksər dünya ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə olunan bu tendensiyanın təsirlərini  azaltmaq üçün hökumət səviyyəsində kompleks tədbirlər görülür. Belə şəraitdə istehlakçıların sudan qənaətlə istifadəsi təşviq edilməlidir və bu işdə vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifələr düşür.

 

Konfransda çıxış edən BDU-nun prorektoru, coğrafiya elmləri doktoru Fərda İmanov, Xəzər Universitetinin mərkəz rəhbəri, “Azərsu” ASC yanında İctimai Şuranın üzvü Rövşən Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimov, “Azərsu” ASC-nin şöbə rəisi Elkin Rüstəmov, Milli Məclisin üzvü Ceyhun Məmmədov, FHN-nin Su Ehtiyatları Dövlət Agentliyinin şöbə müdiri Sevinc Quliyeva, Azad İstehlakçılar Birliyinin və “Azərsu” ASC yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov, FAO-nun Azərbaycan nümayəndəliyinin əməkdaşı Aynur Seyidyusif, Sukanal ETLİ-nin direktor müavini Rəşail İsmayılov və digər iştirakçılar Azərbaycanın şirin su ehtiyatlarının dinamikası və gözləntilər, suvarmada, sənayedə və məişətdə su ehtiyatlarından səmərəli istifadə və onun təşviqi məsələlərindən ətraflı bəhs ediblər. Qeyd olunub ki, azalan su ehtiyatlarından inteqrasiyalı və səmərəli istifadə təbiətə, təsərrüfatlara mənfi təsirlərini minimuma endirməyə imkan verəcək.

 

Müzakirələrdə Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin icrası istiqamətində görülən işlərin əhəmiyyətindən danışılıb. Tədbilər Planının 7-ci bəndində nəzərdə tutulan maarifləndirmə işlərində vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin xüsusi fəallığının vacibliyi diqqətə çatdırılıb, qeyri-hökumət təşkilatları tərəfindən bu istiqamətdə təbliğqat və təşviqat layihərinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 22 dekabr 1992-ci il tarixli qətnaməsinə əsasən 1993-cü ildən başlayaraq hər il mart ayının 22-si Dünya Su Resursları Günü kimi qeyd edilir.