logo

Salyan şəhərində içməli su şəbəkəsinin tikintisi davam etdirilir


Yaradılıb: 24-02-2022 15:16

   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Salyan şəhərində yeni içməli su və kanalizasiya infrastrukturları yaradılır. Yeni layihənin icrasına qədər Salyan şəhərində 1950-70-ci illərdə yaradılmış içməli su və kanalizasiya sistemləri istismarda olub. Şəhərdaxili şəbəkə istismara yararsız vəziyyətə düşdüyündən əhalinin içməli su  təminatında ciddi çətinliklər yaranırdı. Salyan şəhərinin yeni salınmış Gilan adlanan yaşayış massivinin isə ümumiyyətlə şəbəkəsi olmayıb və sakinlər içməli suyu əsasən daşıma yolu ilə əldə edirdilər.

Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə  9 km magistral su xəttinin və 7500 kubmetr tutumu olan su anbarının istismara verilməsi ilə şəhərin su təminatı üçün əlverişli imkanlar yaranıb. Ötən müddətdə mərhələlərə Salyan şəhərinin və şəhər mərkəzinə yaxın Babazanlı yaşayış massivinin içməli su şəbəkəsi yenidən qurulub. Hazırda Salyan şəhərinin yeni yaşayış massivində içməli su şəbəkəsi yaradılır.  Bu mərhələ çərçivəsində 11,5 km içməli su şəbəkəsinin 7,5 km-lik hissəsi inşa edilib. Yeni yaradılan şəbəkədən hər bir ünvana birləşmələr verilir. Ümumilikdə ötən müddətdə Salyan şəhərində inşası nəzərdə tutulan 131 km içməli su şəbəkəsinin 105 km-lik hissəsi inşa edilib.

   

Salyan şəhərində tullantı su infrastrukturunun yenidən qurulması növbəti mərhələlərdə həyata keçiriləcək. Layihə çərçivəsində 123 km kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulub. Ötən müddətdə şəhərin mərkəzi hissəsində 5 km kanalizasiya şəbəkəsi yaradılıb, mövcud kanalizasiya nasos stansiyası bərpa edilib və 4,7 km uzunluğunda təzyiqli kanalizasiya xətti yenisi ilə əvəz olunub. Salyan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcək.

 Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Salyan şəhərində 35 min nəfər sakin faydalanacaq.