logo

İşğaldan azad edilmiş ərazilərdə istifadə üçün yeni nəqliyyat vasitələri alınıb


Yaradılıb: 28-01-2022 15:35

   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə, həmçinin içməli su çatışmazlığı problemi olan yaşayış məntəqələrində xidmətin keyfiyyətinin yüksəldilməsi və operativliyin artırılması məqsədilə tədbirləri davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə istismar işlərinin asanlaşdırılması və işçilərin əmək şəratinin yaxşılaşdırılması məqsədilə yeni nəqliyyat vasitələri alınaraq xidmət ərazilərinə yola salınıb. 

   

İşğaldan azad edilmiş ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində ötən müddətdə 350-dək obyekt içməli su ilə təmin edilib. Su mənbələrindən uzaq və infrastrukturun mövcud olmadığı ərazilərin su təchizatı xüsusi sudaşıyan maşınlar vasitəsi ilə təmin edilib. Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələri əraziyə cəlb olunub. Xidmət ərazisinin getdikcə genişlənməsi və içməli suya tələbatın artması, həmçinin istismar olunan qurğuların əhatə dairəsinin genişlənməsi  nəzərə alınaraq yeni nəqliyyat vasitələrinin alınması zərurəti yaranıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən  xidmət sahələri üçün 6 pik-up tipli avtomobil, 18 ton tutumu olan 4  ədəd sudaşıyan maşın, 3 ekskovator və qəza-bərpa xidməti üçün 1 ədəd UAZ  markalı nəqliyyat vasitəsi alınıb.

Bu nəqliyyat vasitələri işğaldan azad olunmuş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında, Hadrut qəsəbəsində xidməti istifadə üçün nəzərdə tutulub.

Bundan başqa, yay aylarında su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrinə suyun çatdırılması məqsədilə əlavə maşınlar alınıb. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin parkında olan  8 ədəd 18 tonluq yeni sudaşıyan maşın regionlara göndərilib.