logo

Müştəri İnformasiya Sistemləri proqramının tətbiqi yekunlaşıb


Yaradılıb: 18-01-2022 18:12

   

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bütün yerli sukanal idarə və sahələrində Müştəri İnformasiya Sistemləri (MİS) proqramının tətbiqi işləri yekunlaşıb. Proqramın tətbiqi və əldə olunan nəticələrlə bağlı  keçirilən yekun iclasda “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov proqramın tətbiqi və yaratdığı imkanların əhəmiyyətindən danışıb.  Qeyd olunub ki, MİS proqramı dünyanın innovativ texnologiyalarına əsaslanır. Proqramın  tətbiqinə  2014-cü ilin oktyabr ayında  Yasamal rayon Sukanal İdarəsində başlanılıb və 2021-ci ilin sonunda Tovuz Sukanal sahəsində yekunlaşıb. Ötən müddətdə bütün sukanal idarə və sahələrinin əhali və qeyri-əhali bazası və bir sıra xidmət sahələri MİS proqramına inteqrasiya edilib.

Sistemin tətbiqində məqsəd müxtəlif istiqamətlər üzrə istehlakçılardan daxil olan müraciətlərin real vaxt rejimində qeydiyyata alınması, abonent məmnuniyyətinin təmin edilməsi, görülən işlərin avtomatlaşdırılaraq  icra proseslərinin bütün mərhələlərinə nəzarət olunması, hesabatlılığın təmin olunması, satış-ödəniş məlumatlarının anında bazada əks olunması, icra prosesində iştirak edən struktur vahidlərinin və şöbələrin çevikliyinin təmin olunmasıdır. MİS proqramının yaratdığı imkanlar sayəsində bütün istehlakçıların sayğac göstəriciləri online rejimdə oxunaraq abonentlərə həmin an fakturalar təqdim edilir, satış-ödəniş və borc məlumatları real vaxt rejimində bazada yenilənir. Oxuma əsnasında aşkar edilən müxtəlif hallar (sayğacdakı nasazlıqlar, qeydiyyatda olmayan sayğaclar, sayğaca və plomba müdaxilə, su təchizatı sisteminə qanunsuz müdaxilə halları, faktiki vəziyyətlə abonentin baza məlumatları arasındakı uyğunsuzluqlar və s.) barədə terminaldan daxil edilən məlumatlar sistem tərəfindən emal olunaraq aidiyyəti üzrə icraya yönəldilir.

   

Bundan başqa Qaynar xətt mərkəzi də MİS proqramına inteqrasiya olunub və  mərkəzə daxil olan müxtəlif təyinatlı (sayğac, qəza, borcların araşdırılması və s.) müraciətlər qeydiyyata alınan zaman sistem tərəfindən aidiyyəti struktur vahidləri üzrə müxtəlif təyinatlı iş əmrləri yaranır. Həmin əmrlərin icra vəziyyəti və ardıcıllığına sistem üzərindən nəzarət edilir.

Eyni zamanda “Azərsu” ASC-nin təqdim etdiyi elektron xidmətlər üzərindən daxil olan müraciətlər də MİS proqramında qeydiyyata düşərək dərhal sistem tərəfindən yönləndirilir. ASAN xidmət və ASAN kommunal mərkəzlərində göstərilən xidmətlər də bu sistemin yaratdığı imkanlar sayəsində uğurla icra olunur.

Tədbirin sonunda MİS proqramının icrasında xüsusi əməyi olan “Azərsu” ASC-nin əməkdaşları təltif olunub.