logo

Qax şəhərində tullantı sutəmizləyici qurğu inşa edilir


Yaradılıb: 07-01-2022 15:44

       

Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tullantı sularının idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə icra olunan su və kanalizasiya layihələri çərçivəsində tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə yeni qurğular inşa edilir.  Böyük turizm potensialına malik Qax şəhərində də tullantı suların optimal idarə edilməsi məqsədilə məhsuldarlığı sutkada 2000 kubmetr olan yeni tullantı sutəmizləyici qurğunun tikintisinə başlanılıb. Layihə çərçivəsində qurğunun mexaniki hissəsində dəmir-beton işləri başa çatdırılıb, bioloji hissədə tikinti işləri davam etdirilir. Qurğu istismara verildikdən sonra Qax şəhərində yaranan tullantı suları burada tam zərərsizləşdirilərək kənarlaşdırılacaq.

Qeyd edək ki, dövlət büdcəsi vəsiati hesabına Qax şəhəri, həmçinin rayonun Qaxinqloy və Qaxbaş kəndlərində içməli  və tullantı su infrastrukturlarının yaradılması işləri yekunlaşıb. Layihə çərçivəsində 119 km içməli su və 81 km tullantı su şəbəkələri inşa edilib, 28 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılıb.

Ümumilikdə indiyə qədər 54 şəhər və rayon mərkəzinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılıb. 32-də su və kanalizasiya, 12-də su şəbəkələrinin tikintisi yekunlaşıb. Eyni zamanda 22 şəhərdə yeni tullantı sutəmizləyici qurğu tikilərək istismara verilib, 7 şəhərdə  qurğuların tikintisi davam etdirilir.