logo

Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb


Yaradılıb: 10-12-2021 17:00

     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın  qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Abşeron rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Xırdalan şəhəri Həsənağa Turabov küçəsindəki apartment tipli yaşayış evində içməli sudan qeyri-qanuni istifadə edildiyi məlum olub. İlk baxışdan aydın olur ki, binanın daxili və xarici su təchizatı sistemləri qurulub, mülkiyyətçi tərəfindən binadakı bütün mənzillər sayğacla təmin olunub. Lakin nə sayğaclar, nə də  istifadəçilər “Azərsu” ASC-nin abonent bazasında qeydiyyata alınmayıb, bina paylayıcı su şəbəkəsinə qanunsuz olaraq qoşulub. Öz növbəsində sakinlər istifadə etdikləri suyun haqqını binanı idarə edən şəxslərə ödədiklərini bildirirlər. Binanın birinci mərtəbəsində yerləşən “Zeytun” marketin qanuni sayğacı olsa da indiyədək sayğacdan bir kubmetr belə su keçməyib və obyekt sahibi qanunsuz olaraq mənzillərə çəkilmiş xətdən su götürüb.

Xırdalan şəhərinin Ceyranbatan su anbarına yaxın hissəsində yerləşən fermer təsərrüfatının da suyu taladığı üzə çıxıb. Məlum olub ki, sahibkar texniki şərt almadan və sayğac quraşdırmadan, 50 mm diametrli xətt vasitəsilə 400 mm diametrli magistral kəmərə qoşulub. Dəfələrlə xəbərdarlıq edilməsinə və su təchizatının dayandırılmasına baxmayaraq sudan qanunsuz istifadə edib.

     

Abşeron rayonu Masazır qəsəbəsindəki sallaqxananın su təchizatı da qanunsuz çəkilmiş xətt vasitəsilə aparıldığı aşkarlanıb.  Eyni zamanda Masazır qəsəbəsində bir neçə fərdi həyət evinin sudan qanunsuz istifadə etdiyi məlum olub. 

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb. Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv ediləcək, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 13993, Abşeron  rayonu üzrə isə 1492 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 4 mln 64 min və 440 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin 11 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı  200-dək fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.