logo

Ələt Azad İqtisadi Zonasında içməli və tullantı su infrastrukturları yaradılır


Yaradılıb: 14-10-2021 17:43

      

Ölkə iqtisadiyyatı üçün perspektiv əhəmiyyət daşıyan Ələt Azad İqtisadi Zonasında içməli və tullantı su infrastrukturlarının yaradılması işləri davam etdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırda iqtisadi zonanın magistral su kəmərləri və yağış sularının kənarlaşdırılması məqsədilə kollektorlar inşa olunur.

Ələt Azad İqtisadi Zonasının içməli su təchizatı sisteminin yaradılması layihəsinə əsasən, ərazinin içməli su təchizatı Kür-Bakı magistral su kəməri  hesabına təmin olunacaq. Bu məqsədlə magistral xətdən birləşmə verilib və zona  ərazisinə 530 mm diametrli borularla magistral su kəməri çəkilib. Eyni zamanda  xüsusi iqtisadi zonanın ərazisindən keçən 1,5 km uzunluğunda olan magistral xətt köçürülərək zona xaricinə çıxarılıb.  

Ərazidə yaranacaq yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə hazırda 900 metr uzunluğunda açıq tipli kanal inşası davam etdilir. Açıq kanala toplanan sular 1400 və 1800 mm diametrli beton borulardan ibarət 3 km uzunluğunda qapalı kollektorlara ötürülərək kənarlaşdırılacaq. Kollektorların avtomobil və dəmir yolu ilə kəsişmələrində ümumi uzunluğu 190 metr olan 2 mikrotunel inşa olunur.

        

İndiyədək açıq və qapalı kollektorların 60 faizdən çox hissəsi inşa edilib. İcrasına cari ilin sentyabr ayında başlanmış layihə üzrə işlərin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. 

Layihənin növbəti mərhələsində xüsusi iqtisadi zonada sutkalıq gücü 2000 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu inşa ediləcək.  Gələcəkdə Ələt qəsəbəsi və ətraf yaşayış məntəqələrinin, həmçinin Ələt Azad İqtisadi Zonasının inkişafı nəzərə alınaraq məhsuldarlığı sutkada 20000 kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Burada təmizlənən suyun kənarlaşdırılması məqsədilə Xəzər dənizinin dibi ilə 3 km uzunluğunda xəttin tikintisi də layihələndirilib.