logo

“Azərsu” ASC-nin əməkdaşı “Yüksəliş” müsabiqəsinin finalçılarından biri olub


Yaradılıb: 14-07-2021 16:48

   

 

İntellektual səviyyəsi və keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə ilk dəfə təşkil olunmuş “Yüksəliş” müsabiqəsinin finalçıları sırasında “Azərsu” ASC-nin əməkdaşı da olub.

Cəmiyyətin İqtisadiyyat və uçot idarəsinin Maliyyə hesabatlarının konsolidasiyası şöbəsinin rəisi İlhamə Məmmədova “Yüksəliş” müsabiqəsinin 11760 iştirakçısı arasında 112 namizəddən biri olub.

Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə “Qarabağda ağıllı şəhər” adlı keys üzrə tapşırıqları yerinə yetirən və idarəçi rəhbərlərin suallarını cavablandıran iştirakçılar keys üzrə təqdimatdan sonra İdarəçi rəhbərlər tərəfindən qiymətləndirilib. Yekun qiymətləndirməyə əsasən İlhamə Məmmədova finala çıxan namizədlər arasında 40-cı yerə layiq görülüb.

Qeyd edək ki, İlhamə Məmmədova 1994-cü ildə  Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirib, ACCA Dip İFR sertifikasiyasına sahibdir. O, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Beynəlxalq Bankda müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən fəaliyyətini “Azərsu” ASC-də davam etdirir.

“Azərsu” ASC-nin kollektivi İlhamə Məmmədovanı və bütün qalibləri təbrik edir, onlara uğurlar arzulayır.