logo

Özünü “Azərsu” ASC-nın əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa olunub


Yaradılıb: 02-07-2021 11:49

   

Bakı şəhəri Nəsimi rayonu ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa olunub. Hələlik kimliyi müəyyənləşdirilməyən bu şəxs özü üçün saxta vəsiqə düzəldərək vətəndaşlardan sayğac quraşdırılması, debitor borca görə suyun kəsilməməsi müqabilində pul tələb edirmiş.

İyun ayının 29-da “Azərsu” ASC-nin çilingəri Ağaş Nəsirov ərazidə olarkən təsadüfən həmin şəxsin abonentlərin birindən sayğac quraşdırmaq adı ilə pul tələb etdiyinin şahidi olub və ondan vəsiqə tələb edib. Saxta əməlinin üstünün açıldığını görən həmin şəxs əməkdaşımıza fiziki güc tətbiq edərək ərazidən uzaqlaşmağa cəhd göstərib və bu zaman əlindəki qovluğu yerə ataraq qaçıb.

Vətəndaşlara özünü Səbuhi kimi təqdim edən şəxsə məxsus qovluqda ad və soyad qeyd olunmayan saxta vəsiqə, “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İB-nin bidirişləri, 2 ədəd qeyd kitabı, abonentlərdən sayğac quraşdırılmasından imtinaya dair ərizələr və müxtəlif siyahılar aşkarlanıb. “Azərsu” ASC-nin Hüquq Departamenti tərəfindən aşkar olunmuş hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

   “Azərsu” ASC istehlakçıların diqqətinə çatdırır ki, əməkdaşlardan vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qery-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.  Abunəçilərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.