logo

2020-ci ildə 74 min içməli və tullantı su nümunəsi üzrə 409800 analiz aparılıb


Yaradılıb: 26-01-2021 15:03

             

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində saxlanılması məqsədilə “Azərsu” ASC-nin mərkəzi, yerli və regional laboratoriyaları tərəfindən  Bakı şəhəri və regionlarda nəzarət tədbirləri  həyata keçirilir.

İçməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif  mərhələlərdə nəzarət olunur. Bu məqsədlə müxtəlif nöqtələrdən – su mənbələrindən, sutəmizləyici qurğulardan, mərkəzi və məhəllədaxili anbarlardan, şəbəkələrdən, təhsil, səhiyyə, ictimai iaşə müəssisələrindən və digər obyektlərdən su nümunələri götürülərək analiz edilir. Eyni zamanda tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərinin normaları nəzarətdə saxlanılır.  Hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 52, tullantı suların 59 olmaqla, ümumilikdə 111 parametri üzrə analizlər aparmaq mümkündür.

2020-ci ildə “Azərsu” ASC-nin mərkəzi, yerli və regional laboratoriyaları tərəfindən ümumilikdə 73743 içməli və tullantı su nümunəsi üzrə 409800 analiz aparılıb. Hesabat dövründə içməli su üzrə müxtəlif nöqtələrdən 66500 su nümunəsi götürülüb. Həmin nümunələr üzrə 372 min analiz aparılıb. Eyni zamanda müxtəlif nöqtələdən götürülmüş 7237 tullantı su nümunəsinin tərkibinin öyrənilməsi məqsədilə 37800 analiz edilib.

Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə 2018-ci ildə regional laboratoriyaların yaradılmasına başlanılıb və hazırda 9 regional laboratoriya fəaliyyət göstərir. Ötən il regional laboratoriyalar tərəfindən 17369 su nümunəsi götürülüb və bu nümunələr əsasında 130 min analiz aparılıb. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.