logo

Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilmişdir


Yaradılıb: 01-06-2012 15:49

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhərinin  su təchizatı və kanalizasiya   sistemlərinin yenidən qurulması üzrə tender elan etmişdir. Azərbaycan Hökumətinin  iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində Qobustan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq.

 Layihəyə əsasən, Qobustan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 8 subartezian quyusu qazılacaq, 4 nasos stansiyası, 3 su anbarı, xlorator qurğusu tikiləcək. Bununla paralel olaraq yüksəksıxlıqlı polietilen borularla 59,7 kilometr uzunluğunda paylayıcı su xətti çəkiləcək, yanğın hidrantları quraşdırılacaq. Layihə çərçivəsində yüksəksıxlıqlı polietilen borularla 59,6 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi çəkiləcək, ümumi uzunluğu 240 metr olan  mikrotunel tipli kollektor qazılacaq.

 Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada  təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini  13 iyul 2012-ci il tarixədək “Azərsu” ASC-yə təqdim edə bilərlər.

 “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində  Şirvan, Salyan, Neftçala, Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Naftalan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.