logo

“Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Yaradılıb: 21-05-2012 15:33

             

 

Azərbaycan  tarixində  ilk  dəfə dünyanın ən möhtəşəm mədəniyyət tədbirlərindən birinə - “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edir.  Müsabiqənin miqyası və ölkəmiz üçün siyasi, iqtisadi və mədəni əhəmiyyəti nəzərə alınaraq hazırlıq işləri görülmüş, ölkənin bütün sahələrində təxirəsalınmaz və genişmiqyaslı tədbirlər həyata keçirilmışdır. “Eurovision -2012” mahnı müsabiqəsi ilə əlaqədar möhtərəm Prezident İlham Əliyevin imzaladığı sərəncamlara, verdiyi tapşırıqlara uyğun olaraq digər sahələrdə olduğu kimi su təchizatı sistemində də genişmiqyaslı işlər görülmüşdür. Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində müvafiq Komissiya və Qərargah yaradılmış, qısa müddətdə Tədbirlər Planı hazırlanaraq onun icrasına başlanmışdır. 

 

  İlk növbədə xarici qonaqların yerləşəcəyi mehmanxanaların, ictimai iaşə obyektlərinin, əyləncə və ticarət  mərkəzlərinin ünvanları müəyyən edilmiş, həmin obyektləri su ilə təchiz edən anbarların, boru xətlərinin, məhəllədaxili nasos stansiyalarının və digər qurğuların siyahısı dəqiqləşdirilərək onların təhlükəsizliyi və istismarına diqqət artırılmışdır. Müsabiqə zamanı qonaqları qəbul edəcək otellərin su anbarlarının vəziyyəti bir daha təftiş edilmiş, onların giriş borularının diametri, gündəlik su sərfi və alternativ giriş xətlərinin imkanları araşdırılmışdır.

  Müsabiqə ərəfəsində, eləcə də yarış günlərində su və kanalizasiya sisteminin   davamlı iş rejimini təmin etmək üçün növbətçilik qrafiki hazırlanmış və müəyyən olunmuş yerlərə növbətçi məsul şəxslər təyin edilmişdır. İstehlakçılara verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə magistral kəmərlərdə təmir-bərpa, anbarlarda profilaktika işləri aparılmışdır. Belə ki, İ. Nəbiyev 2A ünvanında yerləşən su anbarı, “+ 69 Qərb” su anbarı bütünlüklə, “+160 Qərb” su anbarının əsas seksiyaları yuyularaq dezinfeksiya edilmişdir. Bütün bunlarla yanaşı “Azərsu” ASC-nin balansında olan məhəllədaxili su anbarların da  yuyulması təmin edilmişdir. Tərtib olunmuş qrafikə uyğun olaraq yuyulub-zərərsizləşdirilmiş anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Sanitar və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında istismara buraxılmışdır. Bu istiqamətdə görülmüş işlərin davamı olaraq anbarlar lazımi reagent və reaktivlərlə  təmin edilmişdir.

 Müsabiqə ərəfəsində  əhalinin içməli su təchizatının yaxşılaşdırılması, paytaxtın yol infrastrukturunun yenidən qurulması nəzərə alınaraq yeni xətlər çəkilmiş, həmçinin təmir-bərpa işləri aparılmışdır. Suyun səmərəli paylanması məqsədilə Səbail rayonu “Ramada” oteli və “Dostluq” istirahət mərkəzinin yaxınlığından keçən magistral xəttin üzərində yeni siyirtmə quraşdırılmış, A. Abbaszadə və M. Müşfiq küçələri boyunca 2100 metr uzunluğunda xəttin inşası başa çatdırılmışdır. “+110 Qərb” və “+ 69 Qərb” su anbarları arasında inşa edilmiş 1200 mm diametrli əlaqələndirici xətt istismara verilmişdir.

 Təmir-bərpa işlərinin operativliyinin təmin edilməsi və onlar arasında etibarlı kommunikasiya əlqələrinin təşkil edilməsi məqsədi ilə operativ qəza-bərpa qrupları yaradılmışdır. Qəza-bərpa qrupları lazımı material və avadanlıqlarla təmin edilmişdir. “Bakı Sukanal” İdarəsinin təqdim etdiyi  arayışa əsasən 8 qəza-bərpa qrupunun  hər biri üçün dislokasiya yeri müəyyən edilmiş, onlar lazımi texnika və avadanlıqla təchiz edilmişdir.  Qəza-bərpa qrupları ilə Qərargah arasında  etibarlı kommunikasiya əlaqələrinin təşkil edilməsi və zəruri informasiyaların operativ ötürülməsi məqsədi ilə müsabiqə ərəfəsində müvafiq səlahiyyətli şəxslər rabitə vasitələri ilə təmin edilmişdir.

 Mahnı müsabiqəsinin keçirildiyi günlərdə su anabarlarının mühafizəsini tam təmin etmək məqsədi ilə mühafizə olunan bina və qurğularda mühafizə xidməti əməkdaşları  xüsusi təlimatlandırılmış və gücləndirilmiş iş rejiminin tətbiq olunması diqqətə çatdırılmışdır.

 “Azərsu” ASC istehlakçılardan xahiş edir ki, müsabiqənin keçirildiyi günlərdə  su təchizatı və kanalizasiya xidmətləri ilə əlaqədar yarana biləcək hər hansı problemlə bağlı dərhal 955 saylı “Qaynar xətt” xidmətinə  məlumat versinlər.