logo

Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş tender yekunlaşmışdır


Yaradılıb: 17-05-2012 16:55

  Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender yekunlaşmışdır. 8 şirkətin təqdim etdiyi təkliflərin tender sənədlərinə uyğunluğu, iddiaçı şirkətlər tərəfindən təqdim edilmiş tender zəmanətinin və onun şərtlərinin təmin edilməsi, təkliflərin tamlığı və tenderin əsas şərtlər toplusunun tələblərinə cavab verməsi hərtərəfli şəkildə qiymətləndirilmişdir. Qiymətləndirmə nəticəsində daha əlverişli şərtlər təklif edən Türkiyə-Azərbaycan konsorsiumu “Koçoğlu-Art-Akkord” Sabirabad şəhərinin  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tenderin qalibi elan edilmişdir. Mayın 17-də “Azərsu” ASC ilə “Koçoğlu-Art-Akkord” konsorsiumu arasında  müqavilə imzalanmışdır.

   Qeyd edək ki, layihə çərçivəsində Sabirabad şəhərində su anbarının, nasos stansiyasının, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması nəzərdə tutulur.  Bununla yanaşı, 141,9 km uzunluğunda paylayıcı su xətti, 96,9 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 8 ədəd kanalizasiya nasos stansiyası tikiləcək. Layihəyə əsasən 2200 ünvanda qoşulma işləri aparılacaq, 223 ədəd yanğın hidrantı quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin 2014-cü ilə qədər başa çatdırılması nəzərdə tutulur.