logo

“Azərsu” ASC-nin nümayəndə heyəti Münhendə keçirilmiş Beynəlxalq Su Təchizatı Sərgisində iştirak etmişdir


Yaradılıb: 15-05-2012 16:17

              

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti Almaniyanın Münhen şəhərində keçirilmiş Beynəlxalq Su Təchizatı Sərgisində (İFAT) iştirak etmişdir. Dünyanın 55 ölkəsindən 2700-dən çox şirkətin qatıldığı sərgidə ən yeni texnologiyalar nümayiş etdirilmişdir. 

 “Azərsu” ASC-nin nümayəndə heyəti su təchizatı  və kanalizasiya sektorunda tətbiq olunan yeniliklərlə yaxından tanış olmuş, qabaqcıl şirkətlərin son texnologiyaları və onların iş prinsipləri ilə maraqlanmışdır. Sərgi çərçivəsində nümayəndə heyətinə qabaqcıl şirkətlərin istehsalı olan içməli və tullantı sularının istismarında istifadə olunan bütün növ nasoslar, SMART tipli və digər su sayğacları, birləşdirici vasitələr, sunəqledici sistemlər üçün fittinqlər, mexaniki və avtomatik rejimdə işləyən siyirtmələr, diffuzorlar və digər avadanlıqlar nümayiş etdirilmiş, eləcə də onların iş prinsipləri barədə məlumatlar verilmişdir.

  Sərgidən sonra “Azərsu” ASC-nin bir qrup əməkdaşı Niderland Krallığının Amsterdam və İsveçin Stokholm şəhərlərində olmuşlar. Nümayəndə heyəti Amsterdam şəhərində qrunt sularının idarəolunması ilə bağlı keçirilmiş təqdimatda iştirak etmişdir. Stokholm şəhərində isə dünyanın məşhur nasos istehsalçısı Pluger şirkətində görüşlər keçirən nümayəndə heyəti, həmin firma ilə əməkdaşlıq edən Elmi-Tədqiqat İnstitutunun laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olmuşdur. Burada çirkab sutəmizləyici qurğularda təmizlənmiş tullantı sularının OBT (Oksigenin bioloji tələbatı) göstəricisinin aşağı salınması prosesi barədə ətraflı məlumat verilmişdir.

Qeyd edək ki, “Azərsu” ASC Bakı şəhərində və regionlarda həyata keçirilən layihələrdə yeni texnologiyalardan istifadə etməyi qarşıya məqsəd qoyub və bu məqsədlə dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir.