logo

Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilmişdir


Yaradılıb: 01-03-2012 14:30

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində  Beyləqan şəhərində suqəbuledici qurğuların tikintisi, su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası  üzrə tender elan etmişdir.  Azərbaycan Hökumətinin iştirak payı və Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən layihə Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

  Layihəyə əsasən, Beyləqan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 150 metr olan 5 subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq. Bununla paralel olaraq hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı tikiləcək, mövcud 2000 kubmetrlik 2  su anbarı təmir ediləcək. Beyləqan şəhərinin su paylayıcı şəbəkəsini yenidən qurmaq məqsədi ilə 71 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkiləcək, 3400 abunəçi su sayğacı ilə təmin ediləcək. Bununla paralel olaraq 79 kilometr uzunluğunda çirkab su şəbəkəsi çəkilərək 2750 ünvanda birləşdirmə aparılacaq. 

  Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada  təqdim etməli, müsabiqədə iştirak üçün 100 manat və ya 130 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini 10 aprel 2012-ci il saat 16:00-a qədər “Azərsu” ASC-yə təqdim edə bilərlər.