logo

İçməli su və kanalizasiya xidmətlərindən istifadə haqlarının ödəniş səviyyəsi yüksəlmişdir


Yaradılıb: 27-02-2012 15:12

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su və kanalizasiya xidmətlərindən istifadə haqlarının vaxtında və tam ödənilməsinə xüsusi diqqət yetirir. 2011-ci ildə maarifləndirmə və nəzarət tədbirlərinin gücləndirməsi nəticəsində içməli su və kanalizasiya xidməti haqlarının ödəniş səviyyəsi yüksəlmişdir. Belə ki, ötən ilin nəticələrinə görə, istehlakçılar istifadə etdikləri içməli suyun və göstərilən kanalizasiya xidmətlərinin 85 faizinin haqqını ödəmişlər. Əhali qrupu üzrə ödəniş səviyyəsi 58,8 faiz, qeyri-əhali qrupu üzrə isə 110,1 faiz təşkil etmişdir. Prezident İlham Əliyevin 8 aprel 2011-ci il tarixli fərmanı ilə əhalinin 1 fevral 2011-ci il tarixinə olan 294,2 milyon manat məbləğində debitor borcları silindikdən sonra “Azərsu” ASC-də ödənişlərə nəzarət artırılmışdır. Bunun nəticəsidir ki, təkcə Bakı şəhəri üzrə ödənişləri vaxtında və tam yerinə yetirən abunəçilərin xüsusi çəkisi 74 faizə çatmışdır. Bununla belə, paytaxt üzrə əhali abunəçilərinin 26 faizi və ya təqribən 146 mini son bir ildə bir manat da olsun ödəniş etməmişdir.  Paytaxtın rayonları arasında ödəniş səviyyəsinə görə ilk yeri Xəzər rayonu tutur. Burada abunəçilərin 90 faizi içməli su və kanalizasiya xidmətlərinə görə ödənişləri vaxtında edir. 

  Qeyd edək ki, “Azərsu” ASC içməli su və kanalizasiya xidmətlərindən istifadə haqlarının vaxtında və tam ödənilməsi üçün nəzarət və maarifləndirmə tədbirlərini bundan sonra daha da gücləndirəcək. “Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, heç bir halda su təsərrüfatında nəzarətçilərə nağd pul ödəməsinlər. Ödənişləri bank və poçt şöbələrində, Pay Point ödəniş terminallarında və plastik kartlardan istifadə etməklə internet vasitəsilə aparsınlar.