logo

“Azərsu” ASC beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı uğurla davam etdirir


Yaradılıb: 23-02-2012 15:46

                

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə həyata keçirilən layihələrin maliyyələşdirilməsində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı uğurla davam etdirir. 2011-ci ildə  bu layihələr üzrə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 20,22 mln manat vəsait ayrılmışdır. Bununla yanaşı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KfW Bankı və digər maliyyə qurumlarından 35 mln ABŞ dolları kredit cəlb edilmişdir. Bu vəsaitlər hesabına “Azərsu” ASC-nin Gəncə, Şəki, Şamaxı, Qəbələ, Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər həyata keçirilmişdir. 

     Azərbaycan Hökuməti və Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Şəki şəhərində işlərin birinci mərhələsi başa çatmışdır. Layihəyə uyğun olaraq Kiş çayının məcrasında sugötürücü qurğu tikilmiş, magistral su xətti çəkilmiş, xlorator qurğusu da daxil olmaqla su anbarı bərpa edilmişdir. Təməli 2011-ci ilin sentyabrın 8-də qoyulmuş Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində isə sugötürücü mənbələrin, anbarların və magistral su xəttinin tikintisi üzrə işlərə start verilmişdir.

      Asiya İnkişaf  Bankı ilə birgə həyata keçirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Ağdaş və Göyçay şəhərlərində birinci mərhələyə aid olan işlər tamamlanmışdır. Bu mərhələdə Ağdaş şəhərində 3 ədəd subartezian quyusu qazılmış, sugötürücü kamera və xlorator binası daxil olmaqla yeni su anbarı inşa edilmişdir. Eyni zamanda 2 km uzunluğunda magistral boru xətti çəkilərək mövcud su şəbəkəsi ilə birləşdirilmiş, yeni laboratoriya binası, nasos stansiyası tikilmiş və nasosların normal iş rejiminin təmin edilməsi məqsədilə yeni elektrik xətləri çəkilmişdir. Eyni zamanda “Ağdaş Sukanal” TASC üçün yeni ofis binası və istehsalat bazası inşa edilmişdir. “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Göyçay şəhərində 3 ədəd subartezian quyusu qazılmış, sugötürücü kamera və xlorator binası daxil olmaqla yeni su anbarı inşa edilmişdir. Eyni zamanda nasos stansiyası tikilmişdir. Bundan başqa “Göyçay Sukanal” TASC üçün yeni ofis binası və istehsalat bazası inşa olunmuşdur.  Tikinti işlərinə 19 yanvar 2011-ci il tarixdə başlanmışdır.

    Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Layihə çərçivəsində Şamaxı şəhərində birinci mərhələdə işlər başa çatmış, Pirsaatçayın hövzəsində suqəbuledici qurğu, su anbarı, nasosxana və xlorator binası tikilmiş, suqəbuledici meydançanın sel və daşqınlardan mühafizə bəndi tikilmişdir.

     2011-ci ilin aprelində təməli qoyulmuş Qəbələ layihəsinin birinci mərhələsində 6 ədəd subartezian quyu qazılmış, quyulardan suqəbuledici kameraya qədər magistral su kəməri çəkilmiş, 2 ədəd su anbarı, xlorator binası, transformator yarımstansiyası, laboratoriya binasını tikintisi üzrə işlər davam etdirilir. Saatlı və Sabirabad şəhərləri üzrə podratçı şirkətin seçilməsi üzrə tender elan olunmuşdur.