logo

Azərbaycanın bütün yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq


Yaradılıb: 21-02-2012 16:28

                      “Azərsu” ASC əhalinin keyfiyyətli su ilə fasiləsiz təminatının yaxşılaşdırılması, eləcə də  kanalizasiya  şəbəkəsinin yenidən qurulması ilə bağlı  mühüm layihələr reallaşdırılır. 2011-ci ildə bu sahədə geniş tədbirlər həyata keçirilmişdir. “Azərsu”ASC-nin Strateji İnkişaf Departamentinin rəisi, əməkdar mühəndis, texnika elmləri doktoru Əhməd Məmmədov mətbuata müsahibəsində bu barədə ətraflı məlumat vermişdir.

- Əhməd müəllim, əvvəlcə istərdik 2011-ci ildə görülmüş işlər barədə  məlumat verərdiniz?

 

2011-ci il “Azərsu” ASC üçün çox əlamətdar bir dövr olmuşdur. O baxımdan ki, ötən il  “Azərsu” ASC-nin sifarişi ilə onlarla iri layihənin icrasına, o cümlədən regionlarda böyük işlərə başlanılmışdır. Bizim üçün ən əlamətdar gün isə mən deyərdim ki, sentyabrın 8-i olmuşdur. Həmin tarixdə möhtərəm Prezident İlham Əliyev Ceyranbatan Su Kəmərləri İdarəsinin 50 illiyi yubileyi münasibətilə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində olmuş və burada ən müasir texnologiyaya uyğun tikiləcək ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində iştirak etmişdir. Həmin gün Almaniyanın KFV bankının krediti və İsveçrənin SECO təşkilatının qrantı hesabına reallaşdırılan - Azərbaycanın ikinci böyük şəhəri Gəncənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin də təməli qoyulmuşdur.

 

Bildiyiniz kimi, 2011-ci ilin büdcəsinə dəyişikliklər təsdiqlənərkən “Azərsu” ASC-yə əlavə vəsait ayrıldı. Bu vəsait hesabına qısa müddətdə 11 şəhərdə (Quba, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, İmişli, Biləsuvar, Lənkəran, Şəmkir, Mingəçevir və Qax) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisinə başlanıldı. Quba, Ucar və Qax şəhərlərində layihələrin təməlini cənab Prezident İlham Əliyev şəxsən özü qoydu. Çox qısa müddətdə, yəni 2011-ci ilin son 4-5 ayı ərzində adıçəkilən şəhərlərdə işlərin 20-25 faizi keyfiyyətlə yerinə yetirildi. Təsdiq olunmuş proqrama əsasən artıq bu ilin sonuna Quba, Ucar və Zərdabda işləri yekunlaşdırıb yeni şəbəkəni istismara verəcəyik. Digər 8 rayonda isə işlər 2013-cü ilin sonuna qədər yekunlaşacq.

Qeyd edim ki, bu layihələr çərçivəsində rayon mərkəzləri ilə yanaşı, bəzi kənd və qəsəbələrə də içməli su veriləcək. Məsələn, Külüllü mənbəyindən Kürdəmir, Ucar və Zərdabla yanaşı 40-dan artıq kəndin, Lənkəran layihəsində 7, İmişli layihəsində isə 4 kəndin su təchizatı aparılacaq. Deməli, indiyə qədər içməli sudan əziyyət çəkən, kanal və çay sularından istifadə edən 60 mindən artıq insanın dayanıqlı su təchizatı aparılacaq. 2011-ci ildə Dünya Bankının krediti hesabına reallaşdırılan "Milli su təchizatı" layihəsi çərçivəsində Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilmişdir.

Məlumdur ki, hazırda Abşeron yarımadasında sürətli urbanizasiya və şəhərsalma prosesi gedir, yeni yaşayış massivləri yaradılır. Bütün bunları və gələcək perspektiv inkişafı nəzərə alan "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı və Abşeron yarımadasının içməli suya olan tələbatının ödənilməsi üçün Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin imkanlarının artırılmasını vacib sayır.  Abşeron yarımadasının kənd və qəsəbələrinin əksəriyyətində su təchizatı sistemi qismən mövcuddur. İndi qarşımızda duran başlıca vəzifə bütün yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkəsi yaratmaqdan  ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda paytaxtın mərkəzi rayonlarının, eləcə də ətraf kənd və qəsəbələrin içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı mühüm tədbirlər nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə konkret işlərin həyata keçirilməsinə başlanılmışdır. Bilirsiniz ki, hələ də Abşeron yarımadasında mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan bir cox qəsəbələr var. Biz Mərdəkan, Şüvəlan, Qala, Zirə, Binə, Türkan, Pirallahı və digər qəsəbələri paytaxtın su təchizatı sisteminə qoşmaqla bu problemin köklü həllinə start vermişik.  Bu, ölkə başçısının qarşımızda qoyduğu prioritet məsələdir. Buna nail olmaq üçün Ceyranbatanda məhsuldarlığı saniyədə 6 kubmetr olan ultrasüzgəcli sutəmizləyici quğusunun tikintisi davam etdirilir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasında yerləşən bütün qəsəbələr üzrə su təchizatı və kanalizasiya sistemləri şəbəkəsinin layihələndirilməsi başa çatdırılıb və bir çox obyektlərdə tikinti işlərinə başlanmışdır. Bu sadaladıqlarım “Azərsu” ASC-nin həyata keçirdiyi böyük layihələr və onların tərkib hissələridir. Bunlardan başqa, Bakı, Sumqayıt şəhərləri və regionlarda 100-dən artıq layihə üzrə  tikinti işləri aparılır.

Ümumilikdə, ötən il dövlət büdcəsindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 300 mln manatdan artıq investisiya yatırılıb. Bunun 87 mln manatı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasına, 181 mln manatı 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulmasına, 20 mln manatı beynəlxalq kredit layihələri üzrə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsinə yönəldilib. Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KFV bankı və digər maliyyə qurumlarından isə yenidənqurma işlərinə  35 mln dollara yaxın  kredit cəlb olunmuşdur.

- Əhməd müəllim, məlum olduğu kimi, hazırda ölkə əhalisinin, demək olar ki, yarısı Bakı şəhəri və Abşeron yarımadasında yaşayır.  Sirr deyil ki, ötən əsrin 60-70-ci illərində yaradılmış su təchizatı sistemi və kanalizasiya şəbəkəsi bugünkü tələbata cavab vermir...

- “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin perspektiv inkişaf planında və maliyyələşdirmədə əsas götürdüyü başlıca vəzifə məhz Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi ilə bağlıdır. Bu gün Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı 4 mənbə hesabına təmin olunur. Bura Xaçmaz,  Kür, Ceyranbatan və Oğuz-Qəbələ su mənbələri daxildir. Bu yaxınlarda istismara verilməsinin bir illiyini qeyd etdiyimiz Oğuz-Qəbələ-Bakı su kəməri hazırda paytaxtımızın içməli su təchizatında müstəsna rol oynayır. Qeyd edim ki, indi bu kəmərlə paytaxta saniyədə 5 kubmetr su daxil olur. Bu kəmərin istifadəyə verilməsi ilə paytaxtın su təchizatında əsaslı dönüş yaranmışdır. Nəticədə şəhərin mərkəzi hissəsində fasiləsiz su alan abunəçilərin  xüsusi çəkisi 80 faizi keçmişdir. Eyni zamanda Nizami, Xətai, Sabunçu, Suraxanı rayonlarında suyun verilmə qrafiki artırılmışdır.

Amma əsas hədəfimiz az elektrik enerjisi sərf etməklə əhalini fasiləsiz su ilə təmin etməkdir. Bunun üçün şəhərin relyefcə yüksək nöqtələrində yerləşən su anbarlarından istifadə etməklə su şəbəkəsində özüaxımlı rejimlər yaradılmalıdır. Artıq bu istiqamətdə konkret işlərə başlamışıq. Belə ki, Ceyranbatanda tikilən yeni sutəmizləyici qurğuda emal olunan su dəniz səviyyəsindən 190 metr hündürlükdə yerləşən anbara qaldırılacaq. Buradan isə yeni cəkiləcək kəmər vasitəsilə özüaxımli rejimdə olmaqla Pirallahı qəsəbəsinə qədər yol boyu yerləşən bütün yaşayış məntəqələrinə su veriləcək. Onu da deyim ki, yol boyu yerləşən bütün qəsəbələrin yaxınlığında mümkün  yüksəkliklərdə tənzimləyici su anbarları da inşa olunur. Bu isə öz növbəsində həm Bakıətrafı qəsəbələrin içməli su ilə fasiləsiz təminatına imkan verəcək, həm də anbarlarda lazımi su ehtiyatının toplanmasına şərait yaradacaq. Belə bir sistemin indiyədək mövcud olmaması suyun birbaşa magistral kəmərlərdən götürülməsi məcburiyyəti yaradırdı ki, bu da su ehtiyatlarından səmərəsiz istifadəyə və böyük su itkilərinə gətirib çıxarırdı. Bir məsələni də qeyd edim ki, sutəmizləyici qurğunun istifadəyə verilməsi və yeni supaylayıcı şəbəkələrin yaradılması Abşeronun böyük bir hissəsini əhatə edəcək. Beləliklə də, bu layihənin həyata keçirilməsi Abşeron yarımadasının 2035-ci ilə qədərki inkişafı nəzərə alınmaqla 2 milyon nəfərə qədər əhalisinin yüksək keyfiyyətli içməli su ilə təmin etməyə imkan yaradacaq.

Paralel olaraq ötən əsrin ortalarında yaradılmış şəhər su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurularaq genişləndirilməsi işləri də görülür. Yerinə yetiriləcək işlərin perspektiv inkişafı nəzərə alınaraq aparılması məqsədilə Bakı şəhəri və Abşeron yarımadası üzrə Master Planın hazırlanmasına başlanılmışdır. Məhz Master Planda öz əksini tapan həll variantları nəzərə alınaraq  şəhər daxilində yeni su xətləri və kanalizasiya kollektorları, yağış kanalizasiya şəbəkəsi tikilməyə başlanılmışdır. Yeni su və kanalizasiya şəbəkəsi şəhərin baş planında nəzərdə tutulan dəyişikliklər nəzərə alınmaqla icra olunur. 

- Hazırda bütün dünyada içməli suyun keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilir. Bəs, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə nə kimi işlər görür?

- Bu, bizim qarşımızda duran ən vacib məsələlərdən biri, hətta deyərdim ki, birincisidir. Yeri gəlmişkən, bu vacib məsələ dövlət başçısı cənab İlham Əliyevin də daimi nəzarətindədir. Təsadüfi deyil ki, ötən il sentyabr ayının 8-də Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində Prezidentimiz - " Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam olsun" demişdir. Bir məsələni də qeyd edim ki, ultrasüzgəcli sutəmizləyici qurğularının inşası dünyada tamamilə yeni bir sahədir. Mübaliğəsiz demək olar ki, Ceyranbatanda tikilən qurğu məhsuldarlığına görə dünyanın ən iri sutəmizləyici qurğusudur. Müqayisə üçün deyim ki, hazırda Moskva şəhərində 250 min kubmetrlik, Almaniyada isə 80 min kubmetrlik, Türkiyədə 48 min kubmetrlik qurğular mövcud olduğu halda, Ceyranbatan sutəmizləyici qurğusunun sutkalıq gücü 520 min kubmetr təşkil edəcəkdir. Bu yeni texnologiyanın tətbiqi ilə  suyu bakteriyalardan tam təmizləmək mümkündür. 

İçməli suyun keyfiyyətindən söhbət düşmüşkən, onu da diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində dünya standartlarına tam cavab verən laboratoriya inşa edir. Burada əsas məqsəd paytaxta daxil olan içməli suyun keyfiyyətini daimi nəzarətdə saxlamaqdan ibarətdir. Bu ilin yayında istifadəyə verilməsi nəzərdə tutulan yeni mərkəzi laboratoriyanın köməyi ilə Dünya Səhiyyə Təşkilatının içməli su ilə bağlı tələb etdiyi 75-dək parametri öyrənməyə imkan verəcək. Bir sözlə, gələcəkdə həm içməli suyun, həm də çirkab sularının hərtərəfli, kompleks yoxlanılması məhz bu laboratoriyada həyata keçiriləcəkdir. 

- Əhməd müəllim, son illər Azərbaycanın dövlət başçısı ölkə regionlarının dinamik və tarazlı inkişafını təmin etmək məqsədilə bir sıra vacib sənədlər, mühüm proqramlar qəbul etmişdir. Regionlarda başqa hansı layihələriniz var?

- Bakı və Abşeron yarımadasına yönəldilən vəsaitlər burada kifayət qədər su ehtiyatlarının yaradılmasına imkan verəcək. Yəni Bakı istiqamətinə ötürülən suyun həcmi xeyli artdığından Kür sutəmizləyici qurğusunda emal olunan  içməli suyun bir həssəsinin ölkənin digər şəhərlərinə yönəltmək imkanı yaranıb. Artıq Kür sutəmizləyici qurğusu vasitəsilə ölkənin 7-8 rayonunun  su təchizatının həyata keçirilməsi ilə bağlı layihələr işlənmişdir. Layihəyə əsasən, Talış kəndi yaxınlığında yerləşən sutəmizləyici qurğudan Şirvan, Salyan, Neftçala, Biləsuvar, Saatlı və Sabirabad istiqamətlərinə kifayət qədər içməli su nəql olunacaq. Belə yanaşmanın bir müsbət cəhəti də ondan ibarətdir ki, layihənin reallaşdırılması təkcə rayon mərkəzlərini deyil, eyni zamanda, 147 kəndin də su təchizatı problemini həll etməyə imkan yaradacaq. Bundan başqa içməli sudan daha çox əziyyət çəkən kəndləri də müəyyənləşdirmişik və onların su təchizatının aparılması üçün layihələr işləyirik. Sudan daha çox əziyyət çəkən 130-a qədər kəndin su təchizatının aparılması üçün təxirəsalınmaz tədbirləe planı hazırlanmış və həyata keçirilməyə başlanmışdır. 

- Bakı şəhərinin sürətlə böyüməsi, ətraf ərazilərdə yeni-yeni yaşayış massivlərinin salınması kanalizasiya şəbəkəsinin də əsaslı şəklidə yeniləşdirilməsini tələb edir...

- Bu, doğrudan da, belədir. "Azərsu" Aşıq Səhmdar Cəmiyyətinin qarşısında duran həlli vacib məsələlərdən biri də məhz böyük Bakının kanalizasiya şəbəkəsinin yenidən qurulmasından ibarətdir. Xatırlatmaq istəyirım ki, ötən əsrin 70-ci illərində Bakının kanalizasiya şəbəkəsi yaradılarkən bütün çirkab sularının Hövsan Aerasiya Stansiyasına yönəldilməsi əsas götürülmüşdü. Şəhərin hazırki inkişaf planı və işlənən Master Plan yaranan çirkab sularının bir hissəsinin şəhərin Qərb hissəsinə yönəldilməsinin məqsədəuyğun olduğunu göstərir. Hazırda paytaxtın qərb hissəsində yaranan çirkab sular şəhərin, demək olar ki, mərkəzindən keçirməklə tamamilə əks istiqamətə  nasoslardan istifadə etməklə böyük enerji sərfiyyatı hesabına Hövsan Aerasiya Stansiyasına ötürülür.   “Azərsu” ASC sözügedən problemin həlli istiqamətində konkret işlərə başlamışdır. Bu məqsədlə Lökbatan dairəsi yaxınlığında məhsuldarlığı sutkada 400 min kubmetr olacaq yeni təmizləyici qurğunun inşasına başlanılmışdır. Bununla da, Xırdalan şəhərinin və ətraf ərazilərin çirkab sularının  Lökbatan təmizləyici qurğusuna ötürülməsi təmin olunacaq. Bundan əlavə, Böyükşor gölü yaxınlığında yerləşən 4 saylı kanalizasiya nasos stansiyasından şəhər istiqamətinə qaldırılan çirkab suların da yeni tikiləcək tunel vasitəsilə özüaxımlı rejimdə olmaqla bu qurğuya yönəldiləcək.

Yeri gəlmişkən, bir məsələni də qeyd edim ki, Abşeron yarımadası quraq bir ərazi olduğundan burada yaşıllaşdırma işlərinin aparılmasına ciddi ehtiyac var. Lökbatan cirkab təmizləyici qurğusu istifadəyə verildikdən sonra burada təmizlənmiş suyun bir qismi təkrar istifadəyə qaytarılaraq yaşıllıqların salınmasında istifadə ediləcək.

Bakı şəhəri gündən-günə dəyişir, gözəlləşir. Artıq ölkəmizin paytaxtı dünyanın ən yaraşıqlı şəhərlərinin sırasına qoşulur. Bu məsələni xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev Bakı bulvarının genişləndirilərək Bayraq Meydanından Sultan burnuna qədər uzadılması ilə bağlı göstəriş vermişdir. Belə olan halda “Zığ-1" və ”Zığ-2" kanalizasiya nasos stansiyaları da yeni bulvarın ərazisinə düşəcək. Bulvarın təmizliyinin qorunmasını təmin etmək məqsədilə Sultan burnunadək 4 kilometr uzunluğunda yeni tunel tikiləcək və mövcud kanalizasiya nasos stansiyaları ora köçürüləcək və bulvar ərazisindən çıxarılacaq.

Yeri gəlmişkən, hazırda Abşeronun bəzi sahilboyu ərazilərində çirkab suları təmizlənmədən dənizə axıdılır. Bunun qarşısını almaq üçün sahil boyu müxtəlif ərazilərdə 11 ədəd lokal çirkab sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.

Pirşağı qəsəbəsində tikiləcək çirkab sutəmizləyici qurğu Koreya hökumətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Onu da deyim ki, Pirşağıda tikiləcək qurğu ən modern tipli olacaq və təmizlənmiş sudan həm texniki, həm də suvarma məqsədilə istifadə etmək mümkün olacaq.  

- Əhməd müəllim, “Azərsu” ASC həyata keçirdiyi layihələrdə yeni texnologiyalardan necə istifadə edir?

- Bu gün “Azərsu” ASC-də işlərin keyfiyyətlə yerinə yetirilməsinə, material və avadanlıqların seçilməsinə xüsusi fikir verilir. Həyata keçirilən layihələrdə Avropa ölkələrində və Türkiyədə istehsal olunan avadanlıq və qurğulardan istifadə edilir. Artıq Bakıda yeni tunellər Almaniya istehsalı olan avadanlıqlarla qazılır. Sifarişlərimizi Türkiyənin bu sahədə ixtisaslaşmış, eləcə də qabaqcıl texnologiyalardan istifadə edən yerli şirkətlərimiz yerinə yetirir.

Layihələrin həyata keçirilməsi üçün su təchizatı və kanalizasiya sistemləri sahəsində tanınmış şirkətlərin məsləhət xidmətlərindən istifadə olunur. Layihələrin yüksək keyfiyyətlə işlənməsi üçün Səhmdar Cəmiyyətin nəzdində xüsusi layihə ekspertiza qrupu yaradılmış və bu qrupa xarici mütəxəssislər də cəlb olunmuşdur.

Eyni zamanda bizim mütəxəsislər təcrübə toplamaq üçün Türkiyə, Almaniya, Fransa, Hollandiya, Rusiyaya ezam olunurlar. “Azərsu” ASC-nin rəhbərliyi kadr potensialının gücləndirilməsinə də xüsusi önəm verir. Artıq gənc mütəxəssislərin seçimini aparmışıq və onları təcrübə keçmək üçün xarici ölkələrə göndərəcəyik. Bununla yanaşı Azərsu ASC-də Təlim Tədris Mərkəzinin yaradılması istiqamətində işlərə başlanıb. Bütün bunlar yeni texnologiya əsasında qurulan su təchizatı və kanalizasiya şəbəkələrinin gələcəkdə normal istismarını aparmaq üçün vacibdir.