logo

Kürətrafı şəhər və kəndlərin içməli su təchizatı sistemi yenidən qurulacaq


Yaradılıb: 05-01-2012 15:39

  “Azərsu” Acıq Səhmdar Cəmiyyəti Kür çayı boyunca yerləşən Şirvan,  Neftçala, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərlərinin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə yeni layihənin icrasına başlayır. Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür Sutəmizləyici Qurğular kompleksi ilə Abşeron yarımadasına verilən suyun bir hissəsi 6 şəhərə, eləcə də çəkiləcək yeni kəmərin yaxınlığında yerləşən 147 qəsəbə və kəndə veriləcək. Hazırda paytaxta Oğuz-Qəbələ-Bakı kəməri ilə saniyədə 5 kubmetr suyun daxil olması, Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin ərazisində məhsuldarlığı saniyədə 6 kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi Kür Sutəmizləyici Qurğular Kompleksindən  Abşerona verilən suyun azaldılmasına imkan yaradır. Yeni layihəyə uyğun olaraq Bakını Kür suyu ilə təmin edən həmin kəmərdən Biləsuvar, Neftçala, Salyan, Şirvan, Sabirabad və Saatlı şəhərlərin eləcə də marşrut boyunca yerləşən kəndlərə içməli su veriləcək.

  Aparılmış araşdırmalar göstərir ki, Kür-Bakı su kəmərinin Hacıqabul şəhəri yaxınlığında dəniz səviyyəsindən 78 metr yüksəklikdə yerləşən nöqtəsindən su yeni çəkiləcək kəmərlərlə özüaxımlı rejimdə Şirvan, Salyan, Neftçala və Biləsuvar istiqamətində ötürüləcək. Sabirabad və Saatlı rayonlarına isə içməli su birbaşa Kür Sutəmizləyici Qurğular Kompleksindən özüaxımlı rejimdə veriləcək. Bu şəhərləri su ilə təchiz edəcək magistral kəmərlər boyunca yerləşən 147 kəndin də su problemi həll olunacaq.

  Yeni layihə iqtisadı baxımdan da əhəmiyyətlidir. Bu halda Kür çayından Bakıya verilən suyun azalması, eyni zamanda ətraf rayonların su təchizatının özüaxımlı rejimdə aparılması enerji xərclərini minimuma endirəcək.