logo

"Balaxanı” Su Anbarları Kompleksinin təməli qoyulmuşdur


Yaradılıb: 29-12-2011 14:53

                 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması tədbirlərini davam etdirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Bakının Sabunçu rayonunda “Balaxanı” Su Anbarları Kompleksinin təməli qoyulmuşdur. Bununla bağlı dekabrın 28-də keçirilən mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Səhmdar Cəmiyyət Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2011-2013-cü illər)” çərçivəsində şəhərətrafı qəsəbələrin su və kanalizasiya sistemləri yenidən qurulur. “Tədbirlər planına uyğun olaraq indiyə qədər su almayan Qala, Zirə, Türkan, Pirallahı və digər qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Balaxanıda  ümumi tutumu 80 min kubmetr olan anbar kompleksinin inşasına başlanılıb. Kompleksdə hər birinin tutumu 10 min kubmetr olan 8 anbar tikiləcək.” Anbar kompleksinə Oğuz-Qəbələ-Bakı kəmərindən və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən su nəql etmək üçün 1400 mm diametrli su kəməri çəkiləcək. Anbardan qəsəbələrə içməli su özuaxımlı rejimdə veriləcək. 

   Bu layihə ümumilikdə 26 qəsəbədə 950 min nəfərin içməli su təchizatını yaxşılaşdıracaq.  Qeyd edək ki, hazırda Balaxanı, Qala, Zirə, Türkan, Pirallahı və digər ətraf qəsəbələrə içməli su səyyar maşınlarla daşınır.