logo

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsinin birinci ildönümü qeyd edilmişdir


Yaradılıb: 28-12-2011 17:03

               

 Dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsinin birinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdən əvvəl “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi layihənin təşəbbüskarı və ideya müəllifi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir.

  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bu əlamətdar gün münasibəti ilə kollektivə təbriklərini çatdıraraq bildirmişdir ki, Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi paytaxtın və Abşeron yarımadasının  içməli su təchizatının yaxşılaşdırılması baxımından böyük tarixi hadisədir. Oğuz rayonundan yüksək keyfiyyətli içməli suyun Bakıya gətirilməsi təşəbbüsünün  ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürüldüyünü xatırladan Səhmdar Cəmiyyətin sədri bu ideyanın cənab Prezident İlham Əliyevin şəxsi göstərişi və mütəmadi nəzarəti sayəsində həyata keçirildiyini qeyd etmişdir: “2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulmuş və tikinti işlərinə başlanmışdır. Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində  78 istismar, 20 müşahidə quyusu qazılmışdır. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilmiş, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunmuşdur.  Uzunluğu 262,5 kilometr, diametri 2000 millimetr olan kəmərin məhsuldarlığı bu günlərdə layihə gücünə, yəni saniyədə 5 kubmetrə çatdırılmışdır”.

   Oğuz-Qəbələ-Bakı Su Kəməri İdarəsinin rəisi Məmmədrəsul İlyasov,  “Azərsu” ASC-nin Strateji inkişaf departamentinin rəisi Əhməd Məmmədov, Strateji araşdırmalar şöbəsinin rəisi Adışirin Ələkbərov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar. 

  Tədbirdə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi və istismarında fərqlənən 22 nəfər Fəxri fərmanla mükafatlandırılıb.