logo

Şamaxı və Balakən rayonlarının kəndlərində su təchizatı sistemləri istismara verilmişdir


Yaradılıb: 22-12-2011 14:34

             

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kənd yaşayış məntəqələrində əhalinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə 2011-ci ildə bir neçə rayonda yeni layihələrin icrasına başlanmışdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Balakən rayonunun Tülü və Hənifə kəndlərinin su təchizatı sistemləri istismara verilmişdir. Bununla bağlı keçirilən təntənəli tədbirdə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov bildirmişdir ki, “Azərsu” ASC iri şəhər və rayon mərkəzləri ilə yanaşı kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir. Səhmdar Cəmiyyətim təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət çəkən Balakən rayonunun Hənifə kəndinin əhalisinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilə kənddə 1 ədəd artezian quyusu qazılmış, 2350 metr uzunluğunda su xətti çəkilmişdir. Eyni zamanda Tülü kəndinin su təchizatının yaxşılaşdırılması üçün də işlər görülmüşdür.  Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Tülü kəndində 1 ədəd subartezian quyusu qazılmış, tutumu 10 kubmetr olan  su çəni quraşdırılmış və 750 metr uzunluğunda su xətti çəkilmişdir. “Azərsu” ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində  Hənifə və Tülü kəndlərinin içməli sudan əziyyət çəkən 600-dən artıq sakininin problemi həll olunmuşdur.
   “Azərsu” ASC-nin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət çəkən Şamaxı rayonunun Sabir qəsəbəsində də su təchizatı sisteminin istismara verilməsi ilə əlaqədar açılış mərasimi keçirilmişdir. “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədovun sözlərinə görə “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına” uyğun olaraq Sabir qəsəbəsində subartezian quyu qazılmış, uzunluğu 2 km-dən artıq müxtəlif diametrli su xətti çəkilmişdir. Layihənin icrası müddətində suyun istehlakçılara çatdırılmasını təmin etmək üçün məhəllədaxili xətlərin vəziyyəti yoxlanılıb və abunəçilər üçün sayğaclar quraşdırılıb. “Azərsu” ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Sabir qəsəbəsində 3000-dən artıq insanın içməli su təminatı yaxşılaşmışdır.