logo

6 məcburi köçkün qəsəbəsinin su təchizatı sistemi yenidən qurulmuşdur


Yaradılıb: 19-12-2011 15:46

           

  Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbədə içməli su təchizatının yaxşılaşdırılması layihəsi başa çatmışdır. Su təchizatı sisteminin istifadəyə verilməsi ilə əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məişət problemlərinin həlli ölkə rəhbərliyinin diqqətdə saxladığı əsas məsələlərdəndir: ““Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın tərkib hissəsi olan məcburi köçkün qəsəbələrinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına 2011-ci ilin may ayında başlanmışdır. Su təchizatı sistemlərinin yenidənqurulması layihəsinə uyğun olaraq 6  qəsəbədə 12 km-ə yaxın magistral, 89 km uzunluğunda qəsəbədaxili su xətləri çəkilmiş, 2602 mənzilə və inzibati binaya qoşulma verilmişdir”.

   Dayanıqlı su təchizatının aparılması üçün bu qəsəbələrin hər birində tutumu 100 kubmetr olan su anbarı, nasosxana inşa edilmiş, 18 ədəd nasos və 6 ədəd  transformator quraşdırılmışdır. Hər bir qəsəbə üçün ayrılıqda su anbarının inşası qismən özüaxımlı su təchizatının yaradılmasına və əlavə ehtiyatın toplanmasına imkan verir. Layihənin icrası nəticəsində 6 qəsəbədə 12 minə yaxın məcburi köçkünün içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır. Qeyd edək ki, qəsəbələri içməli su ilə yaxınlıqda qazılmış 14 subartezian quyu təmin edir.

   Tədbirdə çıxış edən baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkə rəhbərliyinin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı nəticəsində onların sıx məskunlaşdığı ərazilərdə yeni infrastruktur layihələrin həyata keçirildiyini bildirib.

   Qeyd edək ki, “Azərsu” ASC Füzuli, Ağcabədi və Ağdam rayonlarında da məcburi köçkünlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər görür.