logo

Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemini Türkiyənin ATİNAK şirkəti yenidən quracaq


Yaradılıb: 30-11-2011 15:49
Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə keçirilən beynəlxalq tenderə yekun vurulmuşdur. 7 şirkətin qatıldığı müsabiqənin nəticələrinə görə Türkiyənin “ATİNAK” şirkəti daha sərfəli şərtlər təklif edərək tenderin qalibi olmuş və həmin şirkətlə “Azərsu” ASC arasında müqavilə imzalanmışdır. Layihə çərçivəsində Göyçay şəhərində tikintisinə başlanmış suqəbuledici qurğular kompleksinin inşası başa çatdırılacaq, şəhərin içməli su və kanalizasiya şəbəkələri yenidən qurulacaqdır. Asiya İnkişaf  Bankının krediti hesabına reallaşdırılacaq işlərə 2011-ci ilin dekabrında başlanacaq və tikintinin 18 ay müddətinə tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Asiya İnkişaf Bankı ilə birlikdə “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. 2010-cu ildə icrası başa çatmış “Şəhər su təchizatı və kanalizasiya layihəsi”nə uyğun olaraq “Göyçay Sukanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti (TASC) üçün zəruri maşın və mexanizmlər alınmış, şəhərin su təchizatının yaxşılaşdırılması məqsədilə 3 subartezian quyu qazılmış, sugötürücü kamera və xlorator binası daxil olmaqla həcmi 2500 kubmetr olan yeni su anbarı inşa edilmişdir. Eyni zamanda yeni laboratoriya binası, nasos stansiyası tikilmiş, nasosların normal iş rejiminin təmin edilməsi üçün yeni elektrik xətləri çəkilmişdir. Bununla yanaşı “Göyçay Sukanal” TASC üçün yeni ofis binası və istehsalat bazası inşa edilmişdir.