logo

"Azərsu" ASC-nin Mərkəzi Laboratoriyasının təməlqoyma mərasimi keçirilmişdir


Yaradılıb: 24-10-2011 04:37

                

   

Oktyabrın 24-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhərində yeni Mərkəzi Laboratoriyasının təməlqoyma mərasimi keçirilmişdir. Təməlqoyma mərasimində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, yeni su mənbələrinin müəyyən edilməsi, istehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinə daim nəzarət olunması, onun tərkibinin müasir standartlar səviyyəsində öyrənilməsi məqsədilə tikilən laboratoriya binası  1800 kvadratmetr sahəni əhatə edəcək və burada ən son texnologiyaya uyğun avadanlıqlar quraşdırılacaq.

   Laboratoriya istismara verildikdən sonra İSO-17025 akkreditasiya sertifikatına təqdim ediləcək və bununla da Azərbaycanda aparılan analizlərin nəticələri beynəlxalq səviyyədə (Avropa İttifaqı və Beynəlxalq Səhiyyə Təşkilatı) qəbul olunacaq.

   Hazırda  “Azərsu”  ASC-nin   Mərkəzi  Laboratoriyasında  içməli  suyun 30-a yaxın parametri öyrənilirsə, yeni laboratoriya istifadəyə verildikdən sonra bu göstəricilərin sayı 75-ə çatdırılacaq.

   Yeni laboratoriyada içməli suyun keyfiyyətinə nəzarəti tam təmin etmək üçün mikrobioloji, orqanoleptik, fiziki-kimyəvi, parazitoloji, toksikoloji, radioloji göstəricilər, həmçinin üzvi və qeyri-üzvi maddələr təyin ediləcək.