logo

Azərbaycan və Koreya hökumətləri arasında Qrant Sazişi imzalanmışdır


Yaradılıb: 14-10-2011 07:41

                  

Oktyabrın 14-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında “Abşeron yarımadasının su çatışmazlığı üzrə  ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması”na dair Qrant sazişinin   imzalanma mərasimi keçirilmişdir. Sənədi Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya Respublikası adından isə səfir Li Ci Ha imzalamışdır.

   “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Bakı şəhərinin ətraf qəsəbələrinin inkişafının təmin edilməsi, əhalinin sosial - məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqrama uyğun olaraq Abşeron yarmadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və “Azərsu” ASC ümumi həll layihəsi barədə razılığa gəlmişlər. Layihənin maliyyələşdirilməsi üçün Koreya Hökuməti 26,18 milyon ABŞ dolları məbləğində qrant ayıracaq. Layihə üzrə qalan xərclər isə Azərbaycan hökuməti tərəfindən əlavə maliyyələşmə şəklində təmin olunacaq. Kürdəxanıda su və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi  2011-2013-cü illərdə həyata keçiriləcək. Koreya tərəfinin ayırdığı qrant hesabına 2 ədəd su anbarı, nasos stansiyası, 24,8 km uzunluğunda müxtəlif diametrli su, 24,8 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Eyni zamanda yerli mütəxəssislərin Cənubi Koreyada  təlim proqramlarında iştirakı nəzərdə tutulur.

   Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ci Ha Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması ilə əhalinin sosial-məişət şəraitinin, Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşcağını bildirmişdir. Cənab səfir bu sazişin  ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır.