logo

Azərsu” ASC-də dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir


Yaradılıb: 14-10-2011 04:31

                

Oktyabrın 14-də “Azərsu” Acıq Səhmdar Cəmiyyətində “Müstəqil Azərbaycan Respublikasının 20 il ərzində su təchizatı və tullantı suların kənarlaşdırılması sistemlərinin inkişafı” mövzusunda   elmi-praktiki konfrans keçirilmişdir. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov oktyabrın 18-də  Azərbaycan xalqının əlamətdar bir günü - dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşdığını xatırladaraq tarixi müstəqilliyin xalqımız üçün son dərəcə məsuliyyətli bir dövr kimi yadda qaldığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin strategiyası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu daxili və xarici siyasət, düzgün müəyyənləşdirilmiş iqtisadi prioritetlər nəticəsində müstəqilliyimizin qısa müddəti ərzində ölkənin güclü iqtisadi potensiala malik olduğunu vurğulamışdır. Müstəqillik illərində su təchizatı sahəsində həyata keçirilən layihələrə toxunan “Azərsu” ASC-nin sədri 1998-ci ildə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması” layihəsinin icrası üçün Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından alınan 88,7 milyon dollar kreditin infrastruktur layihələri üçün cəlb olunmuş ilk kredit olduğunu diqqətə çatdırmışdır. O, çıxışında Azərbaycanın müstəqillik tarixində su təchizatı sektorunda həyata keçirilmiş ən böyük layihə - Oğuz-Qəbələ-Bakı su kəməri barədə ətraflı məlumat vermişdir.

   Konfransda qeyd olunmuşdur ki, 2011-2013-cü illər ölkədə su təchizatında əsaslı dönüş yaradılması dövrü elan edilmiş və bu məqsədlə Dövlət Proqramlarının  icrasına başlanılmışdır. 2011-ci ilin ikinci yarısından etibarən “Azərsu” ASC Quba, Lənkəran, Zərdab, Kürdəmir, Hacıqabul, İmişli, Biləsuvar, Şəmkir, Mingəçevir şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti işlərinə start vermişdir. Yaxın günlərdə daha bir neçə rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaqdır.

   Plenar iclasdan sonra elmi-praktiki konfransın işi alt bölmələrdə davam etdirilmiş, müxtəlif mövzularda məruzələr dinlənilmiş, iştirakçıların Ceyranbatan sutəmizləyici qurğular kompleksinə ekskursiyası təşkil olunmuşdur.