logo

“Su təchizatı və kanalizasiya investisiya proqramı”


    Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında Kredit Sazişi 29 noyabr 2005-ci il tarixində imzalanmış, 01 mart 2006-cı il tarixdə təsdiq edilmiş və qüvvəyə minmişdir. Layihə çərçivəsində nəzərdə tutulmuş su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinə 2008-ci ildə başlanılmışdır. 

      Ağcabədi və Beyləqan rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində layihə üzrə işlərin tamamlanmasının maliyyələşdirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə razılıq əldə edilmişdir. Çoxtranşlı maliyyə mexanizmi çərçivəsində ilkin olaraq Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının başa çatdırılması üçün 17 fevral 2010-cu il tarixdə Asiya İnkişaf Bankı və Azərbaycan Respublikası Hökuməti ilə Kredit Sazişi imzalanmışdır. 

     06 iyun 2012-ci il tarixdə Naxçıvan şəhərində “Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2” üzrə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Asiya İnkişaf Bankı arasında, eləcə də Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə Asiya İnkişaf Bankı arasında Layihə Sazişlərinin imzalanma mərasimi keçirilmişdir. “Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2” çərçivəsində Asiya İnkişaf Bankı Azərbaycana güzəştli şərtlərlə 300 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Bu vəsaitin 130 milyon dolları Naxçıvan şəhərində, 170 milyon dolları isə Göyçay, Ağdaş və Beyləqan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına sərf olunmuşdur.

 

Ağdaş şəhəri üzrə

      

“Ağdaş  şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır.

Ağdaş  şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2008-ci ildə “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində başlanılmışdır.  İlkin mərhələdə 3 subartezian quyu qazılmış, sugötürücü kamera, xlorator binası və 2000 kubmetr tutumu olan su anbarı inşa edilmişdir. Eyni zamanda 2 km  magistral su xətti çəkilərək mövcud şəbəkə ilə birləşdirilmiş, yeni laboratoriya binası, nasos stansiyası və istehsalat bazası  inşa edilmişdir. Bu mərhələ üzrə işlər 2010-cu ildə başa çatdırılmışdır.

2012-ci ildə icrasına başlanılmış “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 5 yeni subartezian quyusu qazılmış, həcmi 5000 kubmetr olan su anbarı və xlorator məntəqəsi tikilmişdir. Su mənbəyindən şəhərə 6 km uzunluğunda magistral su xətti çəkilmişdir. Şəhərdə 143 km içməli su, 124 km kanalizasiya şəbəkələri tikilmiş, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılmışdır.

Ağdaş şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işlərinin tam başa çatdırılması dövlət büdcəsi hesabına həyata keçirilir. Büdcə vəsaiti hesabına 4 ədəd yeni subartezian quyusunun qazılması, həcmi 5000 kubmetr olan yeni su anbarının, su mənbəyindən şəhərə qədər 6,7  km uzunluğunda ikinci magistral su xəttinin, 44,7 km içməli su, 61,2 km kanalizasiya şəbəkəsinin inşası davam etdirilir. 

Layihə çərçivəsində Ağdaş Sukanal İdarəsi üçün müasir tipli yeni inzibati bina tikilir. 

Ağdaş şəhərində tullantı  suların təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcəkdir. 

 Göyçay şəhəri üzrə

“Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı  tərəfindən birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

“Şəhər su təchizatı və kanalizasiya layihəsi”nin icrasına 2008-ci ildə başlanılmışdır. Layihə çərçivəsində 3 ədəd subartezian quyusu qazılmış, sugötürücü kamera və həcmi 2000 kubmetr olan yeni su anbarı inşa edilmişdir.

İcrasına 2012-ci ildə başlanılmış “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsi  çərçivəsində Göyçay şəhərini içməli su ilə təmin etmək üçün 4 ədəd subartezian quyusu qazılmış, ümumi tutumu 6500 kubmetr olan 3 ədəd su anbarı tikilmiş, 5,4 km magistral su xətti çəkilmişdir.

Göyçay şəhərində 143 km içməli su və 119 km kanalizasiya şəbəkəsi tikilmiş, hər bir ünvana birləşmə verilmiş, abonentlər sayğacla təmin olunmuşdur. 06 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Göyçay şəhərində layihənin açılış mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

Göyçay şəhərində yaranan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 20 min kubmetr olan təmizləyici qurğunun tikintisi bu il başa çatdırılacaq.  

Beyləqan şəhəri üzrə 

 “Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 24300 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin icrasına 2012-ci ilin oktyabrında başlanılmışdır. Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün rayonun Əlinəzərli kəndi yaxınlığında 6 ədəd subartezian quyusu qazılmışdır. Quyu ərazisində ümumi tutumu 1000 kubmetr olan 2 su anbarı, xlorator  binası və nasos stansiyası tikilmişdir. Su mənbəyindən Beyləqan şəhərinə 8,4 km magistral su xətti çəkilmişdir. Layihə çərçivəsində şəhərdə mövcud olmuş və ümumi tutumu 4000 kubmetr olan 2 su anbarı da təmir olunmuşdur.

Layihə çərçivəsində Beyləqan şəhərində 91,6 km içməli su şəbəkəsi yaradılmış, hər bir ünvana birləşmə verilmiş, sayğaclar quraşdırılmışdır. İçməli su şəbəkəsi ilə paralel olaraq şəhərin kanalizasiya sistemləri də müasir standartlar səviyyəsində yenidən qurulmuşdur. Beyləqan şəhərində 88,9 km  kanalizasiya şəbəkəsi yaradılmış, 5250 kanalizasiya quyusu inşa edilmişdir.

12 noyabr 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Beyləqan  şəhərində içməli su və kanalizasiya layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur. 

Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr layihələndirilən tullantı sutəmizləyici tikiləcəkdir.

Layihə çərçivəsində rayonun 7 min nəfər əhalisinin yaşadığı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulmuşdur.

 

Ağcabədi şəhəri üzrə 

“Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihənin icrasına 2016-cı ildə başlanmışdır. Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədi ilə 14 subartezian quyusu qazılıb, 28,7 km uzunluğunda magistral su xətti tikilib. Ümumi tutumu 10000 kubmetr olan 2 su anbarının tikintisi işləri isə davam etdirilir. Eyni zamanda inşası nəzərdə tutulan layihənin 214 km içməli su, 205 km kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşmaq üzrədir. Yeni yaradılmış şəbəkədən abonentlərə ev birləşmələri verilir, sayğaclar quraşdırılır. Su və kanalizasiya şəbəkələrinin tikintisinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bununla da şəhər əhalisi 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Layihə çərçivəsində Ağcabədi Sukanal İdarəsi üçün müasir tipli inzibati binanın tikintisi davam etdirilir.

Şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğu tikiləcək.