logo

Şəmkirçay sutəmizləyici qurğusu


Gəncə, Şəmkir, Samux şəhərlərinin və ətraf yaşayış məntəqələrinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Şəmkirçay sutəmizləyici qurğusu inşa edilib. Yeni texnologiyaya əsaslanan və məhsuldarlığı 140000 m3/gün (1620 litr/san) olan Şəmkirçay sutəmizləyici qurğular kompleksi məhsuldarlığına görə Azərbaycanın regionlarında tikilmiş ən böyük içməli sutəmizləyici qurğudur.

Kompleksin tikintisi üçün Şəmkir rayonunun Aşağı Seyfəli kəndinin cənub hissəsində, su anbarının yaxınlığında 3,3 hektar ərazi ayrılıb. Bu ərazidə kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı,  2 idarəetmə və 6 siyirtmə  kamerası, inzibati və yardımçı binalar inşa edilib.

Layihə üzrə qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılır. Kanaldan lazımi həcmdə suyun götürülməsi üçün sugötürücü qurğu  inşa edilib. Burada suda olan iri hissəciklərin tutulması üçün barmaqlıqlar, suyun idarəolunması üçün siyirtmə, eləcə də təmizləyici qurğuya ötürülən suyun həcmini ölçmək məqsədilə sərfölçən quraşdırılıb. Suyun götürüldüyü nöqtədən təmizləyici qurğuyadək 1400 mm diametrli polad borularla daşıyıcı xam su xətti tikilib. Daşıyıcı xətlə qurğuya ötürülən su ilk olaraq zərərsizləşdirilir və süzgəclər binansının paylama kamerasına daxil olur.

Burada suyun təmizlənməsi və süzülməsi süzgəc blokunda həyata keçirilir. Qum süzgəclərindən keçən su təmizlənərək toplayıcı kollektorla təmiz su kanalına, oradan da hər birinin tutumu 2500 kubmetr olan 3 su anbarına ötürülür.

Süzgəclərdən çıxan içməli suyun keyfiyyətinə onlayn rejimdə nəzarət sistemi yaradılıb. Bu məqsədlə həm suyun qurğuya girişində ilkin parametrlərin, həm də anbar çıxışında son parametrlərin əldə edilməsi üçün  bulanıqlıq, qalıq xlor, hidrogen göstəricisi, temperatur və elektrik keçiriciliyini ölçən analizator panelləri quraşdırılıb. Bu panellərdə suyun keyfiyyət parametrləri barədə məlumatlar birbaşa SCADA sisteminə ötürülür.

Qurğuda bütün texnoloji proseslər - suyun həcmi, təzyiqi, emalı, hər bir mərhələdə keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması tam avtomatlaşdırılıb və bütövlükdə proses SCADA idarəetmə mərkəzindən idarə olunur.

Şəmkirçay sutəmizləyici qurğusundan emal olunan suyun Gəncə şəhərinə nəqli üçün 27,5 km uzunluğunda magistral su kəməri çəkilib və  şəhərdəki anbar kompleksinə qoşulub. Samux şəhərini içməli su ilə təmin etmək üçün Gəncə su anbarından şəhərə 10 km magistral su kəmərinin tikintisi də yekunlaşıb. Bu kəmərlərdən Samux rayonunun ətraf kəndlərinin, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib.