logo

Qoşulma qaydası


Əhali qrupu istehlakçıları üçün tələblər

    Fərdi yaşayış evlərinin sahibləri su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün "Azərsu" ASC-ə və "Asan Kommunal" mərkəzlərinə müraciət etməlidirlər.

   Müraciət edərkən aşağıdakı sənədlər də təqdim edilməlidir:

1. Mənzillərin mülkiyyət hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri;

2. Ərizəçinin şəxsiyyət vəsiqəsinin surəti. 

 Elektron qaydada müraciət  üçün azersu.az saytının "Elektron xidmətlər" bölməsindən(https://www.e-gov.az/az/login/?return=/az/services/read/3410/) istifadə etmək mümkündür.

      Ərizə daxil olduqdan sonra “Azərsu” ASC-nin aidiyyəti strukturunun əməkdaşı sifarişçinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya torpaqayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və “Su təchizati və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi” Qaydalarının tələblərinə uyğun müvafiq texniki şərti Cəmiyyətin və ya aidiyyatı struktur bölməsinin rəhbərliyinə təsdiq üçün təqdim edir.

     Təlabatçıya texniki şərt verildikdən sonra istehsalçı ilə istehlakçı arasında alqı-satqı müqaviləsi bağlanır. Müqavilə “Azərsu” ASC-nin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sistemlərinə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

   Müqavilədə abonentin ünvanı, su xəttinə birləşmə ünvanı və borunun diametri, quraşdırılmış sayğacın markası, nömrəsi və möhürün (plombun) nömrəsi qeyd olunur, abonentə göstərilən su və kanalizasiya xidmətlərinin tarifləri əks olunur.

   Müqavilədə göstərilir ki, istehsalçı abonenti dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməli, tullant sularını qəbul edib təmizləyici qurğulara ötürməlidir.

    Müqavilədə göstərilir ki, abonent müəssisə tətrfindən satılmış suyun və göstərilmiş xidmətlərin haqqını bir ay müddətində ödəməli, sayğacın və möhürün (plombun) bütövlüyünü təmin etməli, sayğacın işində qüsur yarandıqda və ya sıradan çıxdıqda, möhürlər (plomblar) pozulduqda dərhal yerli Sukanal Idarəsinə məlumat verməlidir. Onlar vəzifə borclarını yerinə yetirmək üçün “Azərsu” ASC-nin nümayəndələrinin abonentə məxsus əraziyə və ya mənzilə maneəsiz daxil olmasına şərait yaratmalıdırlar.

   Müqavilədə onun qüvvədə olma müddəti, həmçinin ləğvi qaydaları da öz əksini tapır. 

   Fərdi yaşayış evlərinin su və kanalizasiya xətlərinin mövcud şəbəkələrə qoşulması ilə əlaqədar işlərin icrası, sayğacın quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən yerinə yetirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur.

   Qeyri-əhali qrupu istehlakçılarının  su və kanalizasiya xətlərinin mövcud şəbəkələrə qoşulması ilə əlaqədar işlərin icrası "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına yerinə yetirilir. Bu zaman "Azərsu" ASC ilə abonent arasında əldə olunan razılığa əsasən hər iki tərəfin öhdəlikləri müəyyən edilir. 

Əhali qrupu istehlakçıları üçün texniki şərtin verilməsi və sayğacın quraşdırılması ödənişsizdir.

   

Qeyri-əhali qrupu istehlakçıları üçün tələblər

Çoxmərtəbəli yaşayış binaları, sənaye, inzibati, iaşə və digər təyinatlı iri obyektlərin su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün:

1. Sifarişçi bu obyektlərin inşası üçün tikiləcək obyektin su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunması məqsədi ilə bu kommunikasiyaların layihələndirilməsinə  texniki tapşırıq almaq üçün  “Azərsu” ASC-nin rəhbərliyinin adına yazılı müraciət etməlidir.

2. Müraciətə su təchizatı və kanalizasiya sistemlərinə qoşulması nəzərdə tutulmuş obyektin inşası üçün torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədin surəti, obyektin bütün yeraltı kommunikasiyaları, binanın xarakteristikası (təyinatı, hündürlüyü və s.), tələb olunan suyun və tullantı sularının həcmini və sahənin geodezik əsasda hazırlanmış planı əlavə olunmalıdır.

  Cəmiyyətin struktur bölməsi "İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın  tələblərinə müvafiq olaraq toplanmış sənədlərə baxır, əraziyə baxış keçirərək texniki tapşırıq tərtib edir və müvafiq qaydada Cəmiyyətin rəhbərliyinə təqdim edir.

  Su təchizatı və kanalizasiya müəssisəsinə məxsus su kəmərlərinə birləşmənin texniki tapşırığı aşağıdakıları müəyyən edə bilər :

a) su kəmərinə birləşmə nöqtəsini;

b) layihə sənədlərinin razılaşdırılma qaydasını ;

c) layihələndirilən (yenidən qurulan) su və kanalizasiya birləşmələrinin balans mənsubiyyətini;

d) birləşmənin quruluşuna verilən xüsusi texniki tələbləri;

e) birləşmə yerində hesablanmış basqını;

f)  nəzarət-ölçü cihazlarına və suölçmə qovşaqlarına normativ sənədlərə görə verilən tələbləri;

g) su kəməri girişlərinin sayını;

h) buraxılan suyun maksimal miqdarına, suişlətmə rejiminə, su anbarlarının və nasos stansiyalarının quruluşuna qoyulan tələbləri;

i) texniki şərtlərin qüvvədə olma müddətini.

   Texniki tapşırığa müvafiq layihənin hazırlanması sifarişçi təşkilat üçün zəruridir. Hazırlanmış layihə sənədləri razılaşdırılma və rəy verilməsi məqsədilə iki nüsxədə Cəmiyyətə təqdim edilməlidir.

   Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən rəy verilmiş su təchizatı    layihəsinin bir nüsxəsi sifarişçiyə və ya layihə təşkilatına qaytarılır, ikinci nüsxəsi isə texniki nəzarət və istismara qəbul zamanı istifadə edilmə üçün “Azərsu” ASC-də saxlanılır.

   Razılaşdırılmış layihə əsasında inşa olunmuş və istismara tam hazır vəziyyətdə olan obyektin (çoxmərtəbəli yaşayış evləri, binaları tam sayğaclaşdırılmalı və bu barədə sayğacların qəbul aktı müraciətə əlavə edilməlidir) su təchizatı və kanalizasiya sisteminə birləşdirilməsi məqsədilə texniki şərt alması üçün sifarişçi “Azərsu” ASC-yə yazılı müraciət edir.

   “Azərsu” ASC-nin struktur bölməsi sifarişçinin təqdim etdiyi sənədlərə əsasən obyektə baxış keçirir və obyektin su təchizatı və kanalizasiya sisteminə birləşdirilməsi üçün texniki şərti hazırlayaraq imzalanması üçün müvafiq qaydada Cəmiyyətin rəhbərliyinə təqdim edir.