logo

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov YAP qərargahında mətbuat konfransı keçirib


      

Noyabrın 7-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib.

Mətbuat konfransında “Azərsu” ASC-nin sədri Q.Hüseynov kütləvi informasiya vasitələrinin nümayəndələrini salamlayaraq 6 noyabr “Radio və televiziya işçilərinin peşə bayramı günü” münasibətilə radio və televiziya işçilərini  təbrik edib, onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Səhmdar Cəmiyyətin sədri bildirib ki,  əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet məqsədlərindəndir. Son illər içməli su təchizatı və kanalizasiya sahəsində böyük işlər görülüb, uğurlu nəticələr əldə olunub. 

Prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin 24 saat, fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin bölgələrdə genişmiqyaslı içməli və tullantı su layihələri icra olunub, bu işlər hazırda da davam etdirilir. Ötən müddətdə layihələrin həyata keçirildiyi 50 şəhər və rayon mərkəzinin 30-da içməli su və kanalizasiya layihələri, 11-də isə içməli su layihələrinin icrası yekunlaşıb. 10 şəhərdə tullantı sutəmizləyici qurğu inşa edilir. Hazırda Gəncə, Şəki, Mingəçevir kimi iri şəhərlər də daxil olmaqla ümumilikdə 11 şəhərdə layihələrin icrası davam etdirilir. Yaxın vaxtlarda  layihələrdən kənarda qalmış 5 şəhərdə də işlərə başlanılması üçün müvafiq tapşırıqlar verilib və hazırda bu istiqamətdə işlərə başlanılıb.

İqlim dəyişmələrinin su mənbələrinin məhsuldarlığına təsiri ilə əlaqədar Gədəbəy,  Lerik, Şəki, Şamaxı və  Tovuz rayonlarında alternativ su mənbələri yaradılır. İçməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Qobustan və Ağstafada sutəmizləyici qurğular tikilib.

2019-cu ildə 7 rayonun 18 kəndində layihələrin icrasına başlanılıb. Bu layihələr çərçivəsində 30 minədək kənd sakininin içməli su təchizatı yaxşılaşacaq.  

Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilən layihələr barədə məlumat verən Q.Hüseynov  qeyd edib ki, 2004-cü illə müqayisədə bu ərazidə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 81,5 faizə yüksəlib. Eyni zamanda 1 abonentin orta aylıq su istehlakı 17 kubmetrdən 11 kubmetrə düşüb. Bu qənaət və yeni yaradılan mənbələr hesabına ətraf  kənd və qəsəbələrin içməli su təchizatı yaxşılaşıb. Hazırda Bakıətrafı qəsəbələr üzrə  40-dan çox ünvanda içməli su və kanalizasiya layihələri icra olunub və 270 km-dən çox su xətti çəkilib.   

2017-ci ildə Abşeron yarımadasında səth sularının kənarlaşdırılması məqsədilə 16 layihə icra edildiyini xatırladan Cəmiyyətin sədri bildirib ki, hazırda  5 yaşayış məntəqəsində - Biləcəri, Mehdiabad, Zabrat, Ramana, Bahar  qəsəbələrində belə layihələrin icrası davam etdirilir.  

      

Q.Hüseynov içməli suyun keyfiyyətinin diqqətdə saxlandığını bildirib və əlavə edib ki, yeni Mərkəzi Laboratoriya istifadəyə veriləndən sonra nümunələrin götürülmə nöqtələrinin sayı 500-dən 2300-ə çatdırılıb.  Strateji yol xəritəsinə uyğun olaraq regionlarda sukanal idarələri və regional laboratoriyalar yaradılıb. Laboratoriyalar avadanlıq, reagent, maşın  və mexanizmlərlə təchiz olunub. Bu laboratoriyalar respublikanın istənilən yerində analizlər aparmaq iqtidarındadır.

Q.Hüseynov  onu da bildirib ki, Azərbaycanın bütün yaşayış məntəqələrinin su pasportları hazırlanır. Həmin pasportlarda əhalinin sayı, su mənbəyi, su təchizatının vəziyyəti və s. məlumatlar əksini tapacaq.

Sonra “Azərsu” ASC-nin sədri mətbuat nümayəndələrinin suallarını cavablandırıb.