logo

“Azərsu” ASC yenidən Dünya Su Şurasının İdarə Heyətində təmsil olunacaq


 29 noyabr 2018-ci il tarixlərində Fransanın Marsel şəhərində Dünya Su Şurası (DSŞ) İdarə Heyətinin 66-cı iclası  keçirilib. İclasda Şuranın 2015-2018-ci illəri əhatə edən dövr üçün fəaliyyəti, Braziliyada keçirilmiş 8-ci Dünya Su Forumunun yekunları, 2021-ci ildə Seneqalda keçiriləcək 9-cu Dünya Su Forumuna hazırlıq məsələləri müzakirə olunub.

30 noyabr 2018-ci il tarixində isə DSŞ-nin 8-ci Baş Assambleyası işə başlayıb. 40-dan çox ölkədən 300-dən çox nümayəndənin qatıldığı tədbirdə Azərbaycan da təmsil olunub. İki gün davam edən tədbirdə Şuranın strategiyası, növbəti 3 il ərzində fəaliyyət istiqamətləri, maliyyə hesabatları və təşkilati məsələlər müzakirə olunub. Assambleya çərçivəsində növbəti 3 il üçün DSŞ-nin İdarə Heyəti üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə dünya üzrə 65 dövlət, özəl təşkilatın, elmi müəssisələrin namizədliyi irəli sürülüb. “Azərsu” ASC dövlət və hökumət təşkilatları  arasında keçirilən seçkilərdə  böyük səs çoxluğu qazanıb. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov İdarə Heyətinin üzvü, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov alternativ üzv seçilib.

Assambleya çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə, ABŞ, Çin, Koreya Respublikası, Hindistan, Yaponiya,  Mərakeş, Braziliya və s. dövlətləri təmsil edən təşkilatların nümayəndələri ilə görüşlər keçirib və qarşılıqlı fikir mübadiləsi aparıb. Beynəlxalq Su Resursları Assosiyasiyasının rəhbərliyi ilə keçirilən görüşdə bu mötəbər təşkilatın bir sıra  tədbirlərinin Azərbaycanda keçirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, DSŞ-yə üzvlük və qurumun İdarə Heyətində təmsilçilik  qlobal su problemlərinin,  strateji hədəflərin müəyyən edilməsi, qərarların qəbul olunmasında iştirak baxımından əhəmiyyətlidir. Bu status dünyanın inkişaf etmiş ölkələrinin və qabaqcıl şirkətlərinin təcrübəsindən yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir.

Məlumat üçün bildirək ki, DSŞ qlobal miqyasda su problemlərinin həlli məqsədi ilə 1996-cı ildə yaradılıb. Mənzil qərargahı Fransanın Marsel şəhərində yerləşən qurumda 50-dən çox ölkədən 450  üzv təmsil olunur. 2013-cü ildən DSŞ-yə üzv olan “Azərsu” ASC 2015-2018-ci illərdə təşkilatın İdarə Heyətində təmsil olunub.

DSŞ su ilə əlaqəli beynəlxalq təşkilatları, dövlət qurumları, elm mərkəzlərini, qeyri-hökumət təşkilatlarını birləşdirən beynəlxalq platformadır. Təşkilat su ehtiyatlarının mühafizəsi və inteqrasiyalı  idarə edilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, ərzaq təhlükəsizliyi, hidroenerji resursların dayanıqlığının təmin edilməsi, çoxşaxəli sanitariya problemlərinin həlli istiqamətində fəaliyyət göstərir.