logo

“Azərsu” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki xidmət bölmələrinə 60 minədək müraciət edilib


                                                  

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın  artırılmasını təmin edir. 2018-ci ilin yanvar-sentyabr aylarında bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı çoxsaylı müraciətlər daxil olub.

2018-ci ilin 9 ayında “ASAN xidmət” və “ASAN Kommunal”  mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin  xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı 59274 müraciət edilib. 24890 müraciət “ASAN xidmət”,  34384 müraciət isə “ASAN Kommunal”  mərkəzlərində qeydə alınıb. Ötən müddətdə edilən müraciətlər arasında texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC  “ASAN Kommunal”  mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 170 minədək  müraciət daxil olub.

Hazırda “Azərsu” ASC-nin xidmətləri  Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir və Quba şəhərlərindəki  “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal”  mərkəzlərində təşkil olunub.