logo

Modul tipli sutəmizləyici qurğular


      

Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində 2007-2017-ci illərdə 28 rayonda 460 modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Bu qurğular hesabına 481 yaşayış məntəqəsində 693 min sakin keyfiyyətli içməli su ilə təmin edilmişdir. 

Kür və Araz çayları boyu məskunlaşmış əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün su mənbələrinin kəmiyyət və keyfiyyət göstəriciləri üzərində dəqiq monitorinqlər aparılmışdır. Monitorinqlərin nəticələri sutəmizləyici qurğular quraşdırılmış kəndlərdə yeraltı suların olmadığını göstərmişdir. Ən sərfəli variant kimi yaşayış məntəqələrinin yaxınlığındakı mövcud yerüstü su mənbələrindəki suyun təmizlənərək əhaliyə verilməsi seçilmişdir. Sutəmizləyici qurğuların layihələndirilməsi və istifadə olunan texnologiyaların seçilməsində su mənbələri, kəndlərdə yaşayan əhalinin sayı, elektrik enerjisi təminatı və digər parametrlər əsas götürülmüşdür.

Kəndlərdə quraşdırılmış sutəmizləyici qurğuların gücü adambaşına gün ərzində içməli suyun miqdarı 20-30 litr olmaqla layihələndirilmiş və hər bir kənddə quraşdırılmış sutəmizləyici qurğuda təmizlənən su ümumi istifadə üçün quraşdırılmış bulaqlar vasitəsilə paylanılır.

2010-2017-ci ildə qurğuların istismarı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilmişdir. 2018-ci ildən həmin qurğular “Azərsu” ASC-nin xidmətinə verilmişdir.