logo

İkinci Bakı Su kəməri


                                      

  1920-ci illərin sonu Abşeronda sənayenin inkişafı, əhali artımı Bakıya yeni mənbədən içməli suyun gətirilməsi zərurəti yaratmışdır. Bu məsələ 1929-cu ildə Su təchizatı və sanitariya qurultayında müzakirə edilmiş və Xaçmazdan Abşerona yeni kəmərin çəkilişinə qərar verilmişdir.

    Mənbəyini Xaçmaz rayonu ərazisindən götürən İkinci Bakı Su Kəmərinin tikintisinə 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin 17 sentyabr 2228 nömrəli qərarı ilə başlanmışdır. İkinci Dünya Müharibəsi ilə əlaqədar kəmərin inşasında fasilə yaranmışdır. 24 ildən sonra, 1958-ci ildə kəmərin tikintisi tam başa çatdırılmış və bu mənbədən Bakıya saniyədə 2,73 kubmetr (sutkada 240 min kubmetr) təmiz su nəql olunur. Uzunluğu 175 kilometr olan və dəmir-beton konstruksiyalı kəmər hazırda Siyəzən və Şabran rayonlarını da içməli su təmin edir.

   Məhsuldarlığı “Şollar-Bakı” su kəmərindən 2 dəfə çox olan İkinci Bakı Su Kəməri mənbə kimi artezian tipli quyulardan, lay və bulaq sularından qidalanır. Mənbə A və B su qəbuledici qalereyasından, 12 sifon tipli tuneldən və 6 kaptaj xəttindən ibarətdir. Bulaq və lay sularının yığılması iki yolla - drenaj sistemləri və suyığıcı qalereyalarla həyata keçirilir.

  “Şollar-Bakı” kəmərində olduğu kimi, İkinci Bakı Su Kəməri ilə nəql olunan su H.Z.Tağıyev qəsəbəsindəki nasos stansiyasına qədər özüaxımlı rejimdə ötürülür. Buradan isə nasoslarla Bakıya çatdırılır.