logo

“Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi


    Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Azərbaycan Respublikası hökuməti və Almaniyanın KfW Bankı arasında 25 sentyabr 2006-cı il tarixdə “Ssuda Müqaviləsi” imzalanmışdır. Layihə çərçivəsində məsləhət xidmətlərinin cəlb edilməsi və Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının bir hissəsinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası hökuməti arasında 25 sentyabr 2006-cı il tarixdə “Kommunal İnfrastruktur I və II” layihəsi üzrə Maliyyə yardımının göstərilməsinə dair Qrant sazişi imzalanmışdır.  Layihənin 2-ci və 3-cü mərhələlərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Almaniyanın KfW Bankı arasında 20 dekabr 2012-ci il tarixdə 100 milyon avro həcmində Kredit Sazişi və 2 milyon avro həcmində Maliyyələşdirmə Müqaviləsi imzalanmışdır.

 

Şəki şəhəri üzrə

     “Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması”  layihəsi  2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Şəki şəhərində 79 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Şəki şəhərini içməli su ilə təmin etmək üçün su mənbəyi kimi Kiş su  mənbəyi seçilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində işlərə 2010-cu ildə başlanılmışdır. Bu mərhələdə Kiş Sugötürücü qurğusu, su mənbəyindən anbar kompleksinə qədər 5,1 km magistral su xətti, ümumi tutumu 2000 kubmetr olan 2 ədəd su anbarı, xlorator qurğusu, sutəmizləyici stansiyanın inzibati binası inşa edilmişdir.

Layihənin ikinci mərhələsi üzrə işlərə 2012-ci ildə  başlanılmışdır. Bu mərhələdə ümumi tutumu 9000 kubmetr olan 3 ədəd su anbarı inşa edilmiş, 1000 kubmetr tutumu olan mövcud su anbarında təmir işləri aparılmış, 12,4 km uzunluğunda magistral su kəməri çəkilmişdir. Eyni zamanda Qurcana kəndində 3,5 km su və 2,6 km kanalizasiya şəbəkələri tikilmişdir.

2016-cı ildə icrasına başlanılan üçüncü mərhələ çərçivəsində 134,4 km su şəbəkəsinin 84,6 km-lik, 131,8 km kanalizasiya şəbəkəsinin 66,1 km-lik hissəsi, həmçinin 14,1 km kanalizasiya kollektoru inşa edilmişdir. Eyni zamanda ümumi tutumu 1500 kubmetr olan su anbarının tikintisi üzrə işlərin böyük hissəsi icra edilmişdir. Yeni tikilmiş çəbəkələrdən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılmışdır.

 Layihənin bu mərhələlərlə icrası ilə Şəki şəhərinin mərkəz hissəsində sabit və keyfiyyətli su təchizatı və kanalizasiya xidmətlərinin təşkili və təxminən 21 500 nəfər əhalinin bu xidmətlərdən yararlanması təmin ediləcəkdir.

Növbəti mərhələdə isə tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada  8000 kubmetr olan tullantı sutəmizləyici qurğusunun tikintisi nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində rayonun 11 nəfər sakinin yaşadığı Kiş, Oxud və Qoxmuq kəndlərinin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.

 

Gəncə şəhəri üzrə

“Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində işlərə 2011-ci ilin sentyabr ayında başlanılmış, Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılmış, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilmiş və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilmişdir.

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılmış, ümumi tutumu 12000 kubmetr  olan 3 su anbarı, 6,9 km anbarlararası və  4 km magistral su xətti inşa edilmişdir.

Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunacaq. Hazırda su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu inşa edilir. Sutəmizləyici qurğudan şəhərə suyun verilməsi üçün 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri tikilmişdir. Layihəyə əsasən bu mənbədən Gəncə şəhərinə saniyədə 1336 litr su veriləcək.

Gəncə şəhərində 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Layihənin üçüncü mərhələsində 106 km içməli su, 101 km kanalizasiya şəbəkəsi tikilmiş, 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulmuş, 5384 ədəd su sayğacı quraşdırılmışdır.

Hazırda layihənin  4-cü mərhələsi çərçivəsində işlər davam etdirilir. Bu mərhələdə həcmi 5000 kubmetr olan su anbarının, 195 km içməli su,  144 km kanalizasiya şəbəkəsinin, 41 km kollektorun və 2,3 km mikrotunelin inşası nəzərdə tutulur. Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası növbəti mərhələlərdə davam etdiriləcək.

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr layihələndirilən təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.