logo

“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi”


   Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nə dair Kredit Sazişi  29 may 2009-cu il tarixdə imzalanmış və 30 iyun 2009-cu il tarixdə qüvvəyə minmişdir.  Layihə Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.   

 

Qusar şəhəri üzrə

 “Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2030-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar   şəhərində 19,6 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən  istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihə üzrə tikinti-quraşdırma işlərinə 2012-ci ilin aprelində başlanılmışdır. Qusar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8800 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilmiş, 17,4 km uzunluğunda magistral su xətti çəkilmişdir.  Eyni zamanda ümumi tutumu 3000 kubmetr olan 3 su anbarı,  2,8 km uzunluğunda anbarlararası su xətti inşa olunmuşdur.

Qusar şəhərində 106 km içməli su şəbəkəsi, 105 km kanalizasiya şəbəkəsi tikilmiş, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırılmışdır. Layihə çərçivəsində Qusar Sukanal İdarəsi üçün yeni inzibati bina tikilmişdir.

08 sentyabr 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Qusar şəhərində içməli su və kanalizasiya layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur. 

Layihə çərçivəsində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray və Quba rayonunun  Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin də içməli su təchizatı yaxşılaşdırılacaqdır. Ümumilikdə layihədən 32 minədək sakin faydalanacaqdır.

 

Xaçmaz şəhəri üzrə

Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 5 kəndi də daxil olmaqla, layihədən 58 min nəfər faydalanacaq.

Xaçmaz şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün şəhərin mövcud su mənbəyi olan Uçqun bulağı seçilib. Suqəbuledici qurğularda əsaslı yenidənqurma işləri aparılaraq mənbənin məhsuldarlığı saniyədə 229 litrə və ya sutkada 19,8 min kubmetrə çatdırılıb, hər birinin həcmi 3 min kubmetr olan 2 anbar inşa olunub və su mənbəyindən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə 1,9 kilometr magistral su xətti çəkilib. Anbarlarda toplanan su ehtiyatının həcminə, eləcə də suyun bulanıqlıq səviyyəsinə SCADA sistemi vasitəsilə onlayn rejimdə nəzarət edilir.

Layihə çərçivəsində Xaçmaz şəhərində 148 kilometr içməli su şəbəkəsinin, şəhərin relyef baxımından ən yüksək hissəsində yeni salınmış yaşayış massivinin dayanıqlı su təminatı məqsədilə nasos stansiyasının, 136 kilometr kanalizasiya şəbəkəsinin və şəbəkə üzərində 10 min 390 baxış quyusunun inşası, hər evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Eyni zamanda, tullantı suların təmizləyici qurğuya ötürülməsi məqsədilə 1,2 kilometr uzunluğunda əsas daşıyıcı kollektor tikilib.

Layihənin icrası zamanı yeni yaradılmış infrastruktur mənbədən tutmuş sonuncu istifadəçiyə qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə işlənilib və bu məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb. Layihə çərçivəsində Regional Sukanal İdarəsi üçün müasir tipli inzibati bina inşa olunub.

     04 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimi keçirilib.

 

Xızı şəhəri və Altıağac qəsəbəsi üzrə

Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkələrinin yaradılması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 3 kəndi də daxil olmaqla layihədən cəmi 6,3 min nəfər faydalanacaq.

 Xızı rayonunda yüksək məhsuldarlığa malik su mənbələri olmadığından yaşayış məntəqələrinin su təchizatının müxtəlif mənbələr hesabına təmin olunması layihələndirilib. Layihəyə əsasən Xızı şəhərinin və Altıağac qəsəbəsinin əsas su mənbəyi sayılan Dahardibidə məhsuldarlığı gündə 864 kubmetr, Qarsda məhsuldarlığı gündə 430 kubmetr, Şəfada məhsuldarlığı gündə 240 kubmetr və Yeddibulaqda məhsuldarlığı gündə 40 kubmetr olan sugötürücü qurğular inşa olunub. Ümumi tutumu 1400 kubmetr olan 4 anbar tikilib, mənbələrdən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə, ümumilikdə, 18 kilometr magistral su xətti çəkilib. Layihə çərçivəsində Xızı şəhərində və Altıağac qəsəbəsində 52,4 kilometr içməli su və 32,4 kilometr kanalizasiya şəbəkələrinin, həmçinin şəbəkə üzərində 1513 baxış quyusunun inşası başa çatdırılıb, hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib.

Layihənin icrası zamanı yeni yaradılmış infrastruktur, mənbədən tutmuş sonuncu istifadəçiyə qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə işlənilib və bu məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb. Layihə çərçivəsində Xızı Sukanal İdarəsi üçün müasir tipli inzibati bina inşa olunub.

04 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması layihəsinin yekunlaşması münasibətilə açılış mərasimi keçirilib.

Layihənin davamı olaraq Xızı şəhərində (1500 kubmetr/sutka) və Altıağac qəsəbəsində (350 kubmetr/sutka) tullantı su təmizləyici qurğular tikiləcəkdir. 

 

Naftalan şəhəri üzrə

“Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2030-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9800 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. 

Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2013-cü ilin  əvvəlində başlanılmışdır. Naftalan şəhərinin və ətraf kəndlərin  dayanıqlı su təchizatının aparılması üçün Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4  km magistral su xətti çəkilmiş, hər birinin həcmi 3000 kubmetr olan 2 ədəd anbar tikilmişdir.  

Layihə çərçivəsində Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi yaradılmış, abonentlərə ev birləşmələri verilmiş, sayğaclar quraşdırılmışdır. Eyni zamanda şəhərdə 37,7 km  kanalizasiya şəbəkəsi yaradılmış, 1,8 km uzunluğunda kanalizasiya kollektoru, 867 kanalizasiya quyusu inşa edilmişdir. Layihəyə uyğun olaraq Naftalan Sukanal İdarəsi üçün yeni inzibati bina  tikilmişdir.

 10 sentyabr 2013-cü ildə  Prezident İlham Əliyevin iştirakı ilə Naftalan şəhərinə içməli suyun  verilməsi mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

Naftalan şəhərində yaranan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 3 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Layihə çərçivəsində rayonun 3200 nəfər əhalinin yaşadığı Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə də içməli suyun verilməsi təmin edilib.

 

Qobustan şəhəri üzrə

   “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11,7 min nəfərin  içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Layihə çərçivəsində rayonun  Təsi, Bədəlli, Sədəfli və Dərəkənd kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə layihədən 14 minədək sakin faydalanacaq.

10 may 2015-ci il tarixdə Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilmişdir. Layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında  6 ədəd subartezian quyusu qazılmış, 14,4 km magistral su xətti,  Daşarası və Nərimankənd kəndlərində 2 ədəd su anbarı, məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli içməli sutəmizləyici qurğu inşa edilib.  

Qobustan şəhəri üzrə layihələndirilmiş 67 km uzunluğunda içməli su  və 42 km-lik kanalizasiya şəbəkəsinin, 7 km kanalizasiya kollektorunun  inşası başa çatmış, ünvanlara birləşmələr verilmişdir. Hazırda şəhər əhalisi yeni şəbəkələr vasitəsilə su və kanalizasiya xidmətlərindən istifadə edir. 

Qobustan şəhərində tullantı sularının təmizlənib zərərsizləşdirməsi gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr layihələndirilən  tullantı sutəmizləyici qurğuda həyata keçiriləcəkdir

2011-2012-ci illərdə dövlət büdcəsi vəsaiti hesabına Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Təsi kəndi yaxınlığında 2 subartezian quyusu qazılmış, Təsi və Bədəllidə nasos stansiyaları quraşdırılmış, magistral su kəməri tikilmişdir. Bu kəmərdən rayonun Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilmişdir.

02 oktyabr 2017-ci il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşmasına həsr olunmuş mərasim keçirilmişdir.