Facebook Twitter Instagram Youtube Google+
   
Milli su təchizatı
 
“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi I”

 

   “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanmış və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.

 

Şamaxı şəhəri üzrə

  “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır.

Layihənin icrasına 2010-cu ildə başlanılmışdır. Şamaxı şəhərini  keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün layihənin birinci mərhələsində Pirsaatçayın məcrasında 2441 metr uzunluğunda drenaj tipli suqəbuledici və xlorator qurğuları,  ümumi həcmi 1000  kubmetr olan 2 ədəd su anbarı, 1 ədəd su nasos stansiyası tikilmişdir. Su mənbəyindən su qəbuledici anbarlara qədər  3,4 km magistral kəmər çəkilmişdir. Bu mərhələ üzrə işlər  2011-ci ildə yekunlaşmışdır.

Layihənin 2012-ci ildə başlanmış ikinci  mərhələsində ümumi tutumu 7 min kubmetr olan 4 ədəd anbar inşa edilmişdir. Şəhərdə 8,9 km magistral su kəməri, 134 km içməli su şəbəkəsi yaradılmış, layihədə nəzərdə tutulmuş 8300  ünvana  birləşmə verilmiş və abonentlər su ilə təmin edilmişdir.  Eyni zamanda 130 km kanalizasiya şəbəkəsi tikilmiş, kanalizasiya ev birləşmələri verilmişdir.

Layihənin üçüncü mərhələsində məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu, həmçinin Şamaxı Sukanal İdarəsi üçün müasir standartlara uyğun inzibati bina tikilmişdir.

02 oktyabr 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Şamaxı şəhərində içməli su layihəsinin açılış mərasimi keçirilmişdir.

 

Qəbələ şəhəri üzrə

 

Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qəbələ şəhərində 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin icrasına 2011-ci ildə başlanılmışdır. Qəbələ şəhərini içməli su ilə təmin etmək üçün layihənin birinci mərhələsində 6 subartezian quyusu qazılmış, ümumi tutumu 6400 kubmetr olan 8 ədəd  su anbarı və 16 km magistral su xətti tikilmişdir. Layihə çərçivəsində xlorator qurğusu, laboratoriya binası da inşa edilmişdir. Birinci mərhələ üzrə işlər 2014-cü ildə  başa çatdırılmışdır.

Qəbələ şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisini nəzərdə tutan ikinci mərhələ üzrə işlərə 2015-ci ilin sentyabrında başlanılmışdır. Layihədə nəzərdə tutulan 121 km  içməli su şəbəkəsinin 64 km-lik hissəsi tikilmiş və 8000 abonentdən 2100-nə birləşmə verilmiş, sayğaclar quraşdırılmışdır. Yeni şəbəkəyə qoşulmuş abonentlərə içməli suyun verilməsi təmin edilmişdir.

Layihədə nəzərdə tutulan 121 km kanalizasiya şəbəkəsinin 68 km-lik hissəsində işlər yekunlaşmışdır. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə 9 km kanalizasiya kollektorunun tikintisi də başa çatdırılmışdır.

Qəbələ şəhərində yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə sutkalıq məhsuldarlığı 4500 kubmetr olan  tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir.

 

Saatlı şəhəri üzrə

 

 Saatlı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Saatlı şəhərində 22 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, layihə çərçivəsində Saatlı rayonunun 7 kəndində 17 min nəfərin su təchizatı yaxşılaşdırılacaq.

 “Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində şəhərdə hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı, nasos stansiyası inşa edilib. Şəhərdə 137 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb, 5 mindən artıq ünvana birləşmə verilib və sayğaclaşma işləri aparılıb. Bununla da yeni mənbədən bütün şəhərə içməli suyun verilməsi təmin edilib.

28 mart 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimi keçirilmişdir. 

 

Sabirabad şəhəri üzrə

 

 Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanıb. Sabirabad və Saatlı şəhərlərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri tikilib. 

08 iyun  2012-ci il tarixdə Sabirabad  şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilmişdir.

Layihə çərçivəsində Sabirabad şəhərində hər birinin tutumu 5000 kubmetr olan 2 ədəd su anbarının, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması bununla yanaşı, 151 km metr uzunluğunda paylayıcı su xətti, 135 km uzunluğunda kanalizasiya xəttinin çəkilməsi, məhsuldarlığı 365,54 l/san. təşkil edən 8 ədəd çirkab su nasos stansiyasının tikintisi, 6350 ev birləşmələri, 609 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulmuşdur.

15 dekabr 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir.

 

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur