Facebook Twitter Instagram Youtube Google+
   
Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi

Astara, Daşkəsən, Gədəbəy, Tərtər, Samux və Qazax şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində həyata keçirilir. 2011-ci ilin aprelində Azərbaycan Respublikası hökuməti İslam İnkişaf Bankına (İİB) layihənin maliyyələşdirilməsi üçün rəsmi müraciət etmişdir. Həmin ilin dekabrında İİB tərəfindən təqdim edilmiş İstisna Sazişi və Agent Saziş Azərbaycan hökumətinə təqdim edilmişdir. 2012-ci ilin aprelində hər iki saziş Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən imzalanmış, avqustun 25-də qüvvəyə minmişdir.

Gədəbəy şəhəri üzrə

   “Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11500 nəfərin içməli su təchizatı və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunacaqdır. Ümumilikdə layihədən 23 mindən artıq insan faydalanacaqdır.

 İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Südlübulaq seçilmişdir. Layihəyə uyğun olaraq su mənbəyindən şəhərə 14,8 km uzunluğunda magistral su kəmər çəkiləcək, şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 5500  kubmetr olan 7 ədəd anbar tikiləcəkdir. Şəhər ərazisində 79,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaqdır.

Layihə çərçivəsində ilk dəfə Gədəbəy şəhərində kanalizasiya şəbəkəsi yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının idarə edilməsi üçün 66,2 km uzunluğunda kanalizasiya şəbəkəsi, 1,5 km uzunluğunda kanalizasiya kollektoru, 2050 ədəd kanalizasiya quyusu tikiləcəkdir.  Şəhərdə yaranacaq tullantı sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu layihələndirilmişdir.

24 dekabr 2014-cü il tarixdə Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilmişdir.

Layihənin icrasının  2016-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Astara şəhəri üzrə

   Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Gələcəkdə bu layihədən rayonun 27 kəndi də daxil olmaqla, ümumilikdə 102 min sakin faydalanacaqdır.

Astara şəhəri və ətraf kəndlərin sakinlərinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi üçün su mənbəyi Xanbulan anbarının sahilində tikilmiş sutəmizləyici qurğu seçilmişdir (Lənkəran şəhəri və ətraf kəndlər də bu mənbədən istifadə edir).

Layihəyə uyğun olaraq mənbədən Astara şəhərinə 24,8 km uzunluğunda magistral su kəməri çəkiləcək, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı tikiləcəkdir. Şəhər ərazisində 112,8 km paylayıcı su şəbəkəsi inşa ediləcək, 5120 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaqdır.

Layihə çərçivəsində ilk dəfə Astara şəhərində kanalizasiya şəbəkəsi yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının idarə edilməsi üçün 70,5 km uzunluğunda kanalizasiya şəbəkəsi, 8 km mikrotunel tipli kanalizasiya kollektoru, 2000 ədəd kanalizasiya quyusu, 2 ədəd nasos stansiyası tikiləcəkdir. Şəhərdə yaranacaq tullantı sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada 16 min kubmetr olan çirkab sutəmizləyici qurğunun tikintisi layihələndirilmişdir. Layihənin icrasına 2015-ci ilin əvvəlində başlanılması və 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

                                                               Tərtər şəhəri üzrə

  “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Layihə çərçivəsində gələcəkdə 21 min nəfərin yaşadığı rayonun 11 kəndinin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihədən 47 min nəfər faydalanacaqdır.

   Layihəyə əsasən, rayon mərkəzini və ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün 9 ədəd subartezian quyusunun qazılması layihələndirilmişdir. Tərtər şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə 3,6 km uzunluğunda magistral su xətti və hər birinin tutumu  5000 kubmetr olan 2 su anbarı tikiləcəkdir. Şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yenidən qurulması məqsədilə 110 km uzunluğunda paylayıcı şəbəkə yaradılacaq, 2959 ünvana birləşmə veriləcək və hər bir abonent smart-kart sayğacla təmin olunacaqdır.

  Layihəyə uyğun olaraq Tərtər  şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 104 km uzunluğunda kanalizasiya xətti, 2672 kanalizasiya quyusu tikiləcək, 2900-dən çox ünvana birləşmə veriləcəkdir. Tullantı sularının kənarlaşdırılması məqsədilə 8,1 km uzunluğunda kanalizasiya kollektoru  inşa ediləcəkdir. Tərtər şəhərində yaranacaq tullantı suları gələcəkdə Bərdə şəhəri yaxınlığında inşa ediləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcəkdir.

   Tikinti-quraşdırma işlərinin  2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

 

 Daşkəsən şəhəri üzrə

  Daşkəsən şəhərinin içməli  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 15 may 2015-ci ildə başlanılmışdır. Layihə  2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 16,2 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Bu layihə çərçivəsində  gələcəkdə rayonun Alunitdağ və Mədənçilər qəsəbələrinin də içməli su təchizatı yaxşılaşdırılacaq və ümumilikdə 17,8 min sakin bu layihədən faydalanacaqdır.

Daşkəsən şəhəri, həmçinin Mədənçilər və Alunitdağ qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Qarainək və Gurbulaq bulaqları seçilmişdir. Layihəyə uyğun olaraq su mənbələrindən Daşkəsən şəhərinə 20 km uzunluğunda magistral kəmər çəkiləcək, şəhərin relyefi nəzərə alınmaqla hündür ərazilərdə ümumi tutumu 4500 kubmetr olan 4 ədəd  su anbarı tikiləcək və 3 ədəd nasos stansiyası quraşdırılacaqdır. Daşkəsən şəhərində 18,3 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana birləşmə  veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaqdır.

Layihə çərçivəsində Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 13,5 km uzunluğunda kanalizasiya xətti, 410 ədəd kanalizasiya quyusu tikiləcək, 2560 ev birləşməsi veriləcəkdir. Daşkəsən şəhərində yaranan tullantı suların təmizlənib kənarlaşdırılması üçün sutkalıq məhsuldarlığı 3500 kubmetr çirkab sutəmizləyici qurğu tikiləcəkdir.

Daşkəsən şəhərində tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur