Facebook Twitter Instagram Youtube Google+
   
14-18 mart 2017-ci il tarixlərində Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək
Tarix: 2017-02-01

     

14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcəkdir. Bu tədbir qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və ekoloji vəziyyətin, iqlim dəyişiklikləri və quraqlıq kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan hökumətinin dəstəyi və Dünya Su Şurasının yaxından iştirakı ilə keçiriləcək Su Həftəsinə dünyanın 40-dan çox ölkəsindən, beynəlxalq və regional təşkilatlardan, nüfuzlu elm mərkəzlərindən alim və mütəxəssislər qatılacaqdır.  Həftə çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci sessiyası və smart toplantı keçiriləcəkdir. BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Su Həftəsi peşəkar diskussiyaların, işgüzar görüşlərin təşkili baxımından da  əlverişli məkan olacaqdır.

2017-ci ildə “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 ili tamam olur. Bakı şəhərinin inkişafına müstəsna töhfələr verən bu layihə  Azərbaycanın su təsərrüfatı tarixində mühüm hadisə, böyük nailiyyət sayılır. Su həftəsi çərçivəsində “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC tərəfindən bir sıra tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

 16 mart 2017-ci il tarixində “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.  Konfransda “Su təchizatı, tullantı suları və qədim – tarixi su qurğuları”, “Su ehtiyatları və sudan istifadə, “İqlim dəyişmələri və ətraf mühit” mövzularında sessiyalar təşkil ediləcəkdir.

Yubiley tədbirləri çərçivəsində “Şollar-100” mövzusunda rəsm və foto sərgilər keçiriləcək, tədbir iştirakçılarının Şollar su mənbəyinə və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunacaqdır.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur