Facebook Twitter Instagram Youtube Google+
   
Tovuz rayonunun 5 kəndinin içməli su təchizatı yaxşılaşdırılır
Tarix: 2018-08-02

   

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq  içməli su çatışmazlığının  müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”  09 aprel 2018-ci il tarixli Sərəncamı çərçivəsində Tovuz rayonunun 5 kəndində içməli su layihələri həyata keçirilir.  

Tovuz rayonunda icra olunan içməli su layihələri rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərini əhatə edir. Bu kəndlərin içməli su problemini həll etmək məqsədilə cari ilin iyun ayında yeni layihənin icrasına başlanılıb. Layihəyə əsasən, kəndləri keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2 ədəd subartezian quyusu qazılacaq. Buradan götürülən su  həcmi 250 kubmetr olan mövcud su anbarına ötürüləcək. Layihə çərçivəsində həmin su anbarı əsaslı təmir olunacaq və suyun kəndlərə təzyiqlə ötürülməsini təmin etmək üçün nasos stansiyası quraşdırılacaq.  

Ümumilikdə Tovuz rayonunun 5 kəndində 40 km  su xətlərinin tikintisi və əhalinin ümumi istifadəsi üçün 175 ədəd bulağın quraşdırılması nəzərdə tutulub. Artıq kəndlərdə su xətlərinin tikintisi intensiv qaydada davam etdirilir və indiyədək 20 km su xətti çəkilib.

Layihənin icrası tam başa çatdıqdan sonra Tovuz rayonunun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərinin 12 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək. Qeyd edək ki, indiyədək bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranır.

 “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələrinin icrası nəzərdə tutulub. Bununla yanaşı, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində 5 rayonun  11 kəndində içməli su layihəsi icra edilir. Ümumilikdə, 2018-ci ildə 18 rayonun 41 yaşayış məntəqəsində 61 min nəfər sakinin  içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur