Facebook Twitter Instagram Youtube Google+
   
İçməli su təchizatı və kanalizasiya sektorunda genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilir
Tarix: 2018-07-31

 

                

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Dövlət proqramlarının icrasını təmin etmək, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2018-ci ilin ilk 6 ayı ərzində genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilib.

Cari ilin ötən dövrü ərzində Xaçmaz və Xızı (Altıağac qəsəbəsi daxil olmaqla)  şəhərlərində içməli su və kanalizasiya şəbəkələrinin,  Mingəçevir şəhərində isə içməli su şəbəkəsinin tikintisi yekunlaşıb, Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib. Dövlət başçısının Mingəçevir, Tovuz, Ağstafa, Şirvan, Lerik  və Ağdaş şəhərlərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı sərəncamları çərçivəsində layihələrin icrasına başlanılıb.

Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”  09 aprel 2018-ci il tarixli Sərəncamına, həmçinin dövlət investisiya layihəsinə əsasən, içməli su çatışmazlığının  müşahidə edildiyi Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Qusar rayonunun Aşağı Ləgər və Xızı rayonunun Yeni Yaşma kəndlərində içməli su təchizatı layihələrinin icrası yekunlaşıb və 10 minədək sakinin içməli su problemi həll edilib. Ümumilikdə bu layihələr çərçivəsində cari ilin sonunadək 18 rayonun 41 yaşayış məntəqəsində 61 min nəfərin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.

             

Avtomobil yollarının yenidən qurulması çərçivəsində Təbriz, Xiyabani və Məsud Davudoğlu küçələrində içməli su və kanalizasiya xətlərinin yenidən qurulması işləri başa çatıb. Babək prospekti və Mir Cəlal küçəsində su və kanalizasiya xətlərinin yenilənməsi işləri yekunlaşmaq üzrədir.

Ümumilikdə 2018-ci ilin yanvar-iyun aylarında 43 km-i magistral olmaqla 510 km içməli su və 201 km kanalizasiya xətləri çəkilib, 9 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 7800 nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 30 min 400 nəfərin su təminatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,6 faiz  təşkil edib. Ötən dövrdə sayğaclı abonentlərin sayı 51 minədək artıb və ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi 79,4 faizə çatıb.

Qeyd edək ki, 2018-ci ilin növbəti yarım illiyində Ağdaş, Qəbələ, Daşkəsən və Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşasının başa çatdırılması, sutkalıq məhsuldarlığı 140 min kubmetr olan Şəmkirçay sutəmizləyici qurğusunun istismara verilməsi, Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ su mənbələrinin yaradılması layihələrinin başa çatdırılması nəzərdə tutulub. Eyni zamanda 2018-ci ildə Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi  başa çatdırılacaq. 

                       

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur