Facebook Twitter Instagram Youtube Google+
   
“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə “Heydər Əliyev və Azərbaycanın su təsərrüfatı” mövzusunda konfrans keçirilib
Tarix: 2018-06-06

   

    “Azərsu” ASC və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin  kollektivi 5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramını qeyd ediblər.

    Hər iki qurumun kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

   “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə “Azərsu” ASC və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın su təsərrüfatı” mövzusunda konfrans keçirilib.

    

     “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və tarixi xidmətləri olduğunu qeyd edərək deyib ki, qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, əsas inkişafa ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət alıb, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilib, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artıb.

    1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıdışı sayəsində meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub, bu sahəyə diqqət və dövlət qayğısı bərpa olunub, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alınıb, ondan daha səmərəli istifadə olunması yolları və gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. Onun göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar, ilk növbədə, bu sahənin inkişafına yönəldilib, meliorasiya və su təsərrüfatı sahəsi özünün yeni, dayanıqlı inkişaf mərhələsinə qədəm qoyub.

    Ə.Əhmədzadə qeyd edib ki, son dövrlərdə 127 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, 4 min 17 kilometr suvarma kanallarının, 2 min 486 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilib, 379 min hektar suvarılan torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb. Həmçinin 1960 subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı dağ çaylarında 200 kilometrə yaxın sahilbərkitmə, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləndirilməsi işləri yerinə yetirilib.

 

    

    “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli içməli su ilə təchizatı istiqamətində bir sıra layihələrin uğurla başa çatdırıldığını, bir sıra layihələrin isə hazırda davam etdirildiyini bildirib. Ulu öndər Heydər Əliyevin təşəbbüskarı olduğu və 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycanın müstəqillik illərinin ən böyük infrastruktur layihəsi kimi tarixə düşüb. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin, Küllülü su mənbəyinin, Şirvan-Muğan, Sabirabad-Saatlı, magistral su kəmərlərinin, həmçinin Xanbulançay, Mingəçevir və Quba sutəmizləyici qurğuları, ümumilikdə 30-dək yeni su mənbəyinin istismara verilməsi regionlarda əhalinin keyfiyyətli içməli su ilə təminatına mühüm töhfələr verib. Hazırda 50 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələrinin icrasına başlanılıb. İndiyədək həmin şəhərlərin 25-də həm su, həm də kanalizasiya şəbəkəsinin, 10-da isə su şəbəkəsinin tikintisi yekunlaşıb.

   Bakı şəhəri və Abşeron yarımadasının sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları çərçivəsində 60-dan çox yaşayış məntəqəsində su təchizatı və kanalizasiya layihələrinin icrasına başlanılıb.

    Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 630 min nəfər olan 520 kənddə də içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. 2017-ci ildə imzalanan Sərəncama uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub və bu il daha 41 kənddə su layihələrinin icrasına başlanılıb.

    Qeyd edilib ki, son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, 230 su anbarı və anbar kompleksi tikilib, 15 min kilometrdən çox magistral və paylayıcı su, 3500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 308 artezian və subartezian quyusu qazılıb, 5 minə yaxın çoxmənzilli yaşayış binasının daxili kommunikasiya xətləri yenilənib. Görülmüş işlərin real nəticəsi olaraq, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 67 faizi, Bakı şəhəri üzrə isə 81,5 faizi fasiləsiz içməli su ilə təmin edilir.

   Xəzər dənizinə axıdılan tullantı sularının qarşısının alınması üçün 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının inşası başa çatdırılıb, Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası həyata keçirilib. Bununla da Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə tullantı sularının dənizə axıdılmasının qarşısı alınıb.

     Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Prezidentin köməkçisi dövlətimizin başçısının bir qrup su təsərrüfatı və meliorasiya işçisinin təltif edilməsi barədə Sərəncamını oxuyub.

    Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov meliorasiya və su təsərrüfatı sahəsində görülən işlərin kənd təsərrüfatının inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildirib.

    Elmi-praktiki konfransın sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

   Qeyd edək ki, Prezident İlham Əliyevin 04 iyun 2018-ci il  tarixli sərəncamları ilə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərsu” ASC-nin 17 əməkdaşı fəxri adlar və medallarla təltif olunmuşlar. Təltif olunanlardan 2 nəfəri “Əməkdar mühəndis” adına layiq görülüb, 3 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 12  nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

    Su təsərrüfatının inkişafında xidmətlər göstərmiş və əmək fəaliyyətində fərqlənən 100 əməkdaş “Azərsu” ASC sədrinin əmri ilə Fəxri Fərmana, 101 əməkdaş isə “Təşəkkürnamə”yə layiq görülüb.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur